AZ

Dövlət ittihamçısı peşə məktəbinin sabiq direktoru ilə bağlı qərardan niyə narazı idi?

Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Oqtay Vəliyevin barəsindəki qərardan dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinin bəzi detalları məlum olub.
 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısının kassasiya protesti bu əsaslarla izah olunub ki, məhkəmə kollegiyası yekun qərar qəbul edərkən iş üzrə toplanmış sübutları Cinayət Prosessual Məcəlləsinin 143–146-cı maddələrinin tələblərinə uyğun qaydada hərtərəfli tədqiq etməyib.


Prokuror bu səbəbdən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 24 dekabr 2024-cü il tarixli qərarının ləğv olunmasını və işin yenidən apellyasiya qaydasında baxılmaq üçün göndərilməsini zəruri hesab edib.


Belə ki, hökmdə məhkumun hazırda 66 yaşında ahıl olması, ailəsində — həyat yoldaşı, övladları və nəvələrindən ibarət böyük bir ailəyə ağsaqqallıq etməsi, daha əvvəl açıq ürək əməliyyatı keçirməsi və ambulator müalicəyə ehtiyacının olması, həmçinin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması nəzərə alınmış, lakin bu hallar cəzanın yüngülləşdirilməsi üçün əsas kimi qəbul edilməməli idi.


Bundan başqa, məhkəmə tərəfindən cinayət nəticəsində dəymiş 119 384,94 manat maddi ziyanın yalnız 68 300 manatının ödənilməsi, yəni zərərin cəmi 57 faizinin (yarıdan bir qədər çox hissəsinin) qarşılandığı halda, bu fakt “vurulmuş zərərin əhəmiyyətli hissəsinin ödənilməsi” kimi qiymətləndirilməsi əsassızdır.


Məhkəmə həmçinin nəzərə almayıb ki, Oqtay Vəliyev barəsində cinayət işi 2022-ci il tarixdə başlanıb, hökm çıxarılanadək iki ildən artıq müddət keçib. Bu müddət ərzində məhkum ya vurulmuş zərərin ödənilməsində maraqlı olmayıb, ya da barəsində həbsə alternativ qətimkan tədbirinin seçilməsindən arxayın davranıb.
 

Eyni zamanda, məhkəmə Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə nəzərdə tutulan cinayətin ağır cinayətlər kateqoriyasına aid olmasını lazımi dərəcədə nəzərə almayıb və bu məsələyə yetərincə ciddi hüquqi qiymət verməyib.


Qərara əsasən, kassasiya protesti təmin edilməyib.
 

Qeyd: Rəsmi məlumata görə, 1 nömrəli Füzuli peşə məktəbində yol verilmiş qanunsuzluqlar barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.


İstintaq zamanı qeyd olunan təhsil müəssisəsinin direktoru Oqtay Vəliyevin vəzifə səlahiyyətlərindən sui-istifadə və vəzifə saxtakarlığı edərək dövlət büdcəsindən ayrılmış 119 min manatdan artıq pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.


Oqtay Vəliyevə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.
 

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdi və məhkəmə iclas zalında dərhal həbs olunub. Şirvan Apellyasiya Məhkəməsində qərarına əsasən, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin olunub, dövlət ittihamçısının isə apellyasiya protesti qismən təmin edilib, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökm dəyişdirilib və ona şərti cəza verilib və azadlığa buraxılıb.

 

Kamal Məmmədov 

Tarix: 29 Oktyabr 2025, 08:45   
Seçilən
46
pravda.az

1Mənbələr