Erməni əsgəri silahını, bayrağını atıb döyüş meydanından qaçır
Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutublar.
Döyüş əməliyyatları əsasən cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar olub.
Gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd "T-72" tankı, 2 ədəd "BM-21" "Qrad yaylım" atəşli reaktiv sistemi, 14 ədəd müxtəliftipli topu, bir neçə dayaq məntəqəsi və 6 ədəd avtomobil texnikası məhv edilərək sıradan çıxarılıb.
Goranboy, Tərtər, Bərdə artilleriya atəşinə tutulub
Humanitar atəşkəs rejimini kobudcasına pozmaqda davam edən Ermənistan silahlı qüvvələri oktyabrın 29-da saat 09:25 radələrində Goranboy, Tərtər, Bərdə rayonlarının ərazisini artilleriya atəşinə tutublar.
Düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb
Əks-həmlə əməliyyatı həyata keçirən Azərbaycan Ordusu bölmələrinin zərbələri nəticəsində düşmən çoxlu sayda zirehli texnikanı döyüş meydanında qoyaraq qaçıb.
Müdafiə Nazirliyi düşmənin döyüş meydanında atıb qaçdığı döyüş sursatının, zirehli və avtomobil texnikalarının videogörüntüsünü yayıb.
Qubadlı istiqamətində düşmənin iki "Su-25" təyyarəsi məhv edilib
Saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki "Su-25" hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.
Ermənistan xarici ölkələrin səfirlərini, diplomatlarını atəşə tutub
Saat 13:50 radələrində Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin dövlət rəsmiləri ilə birgə Tərtərə səfəri zamanı humanitar atəşkəs rejimini növbəti dəfə kobudcasına pozan Ermənistan silahlı qüvvələri qəsdən həmin istiqaməti atəşə tutublar.
Müdafiə Nazirliyinin yaydığı məlumatda Ermənistanın bu addımı qəti surətdə pislənilib və beynəlxalq ictimaiyyətə qarşı təcavüz aktı kimi dəyərləndirilib.
İrəvanın daha bir uydurması ifşa edilib
Ermənistan mətbuatı növbəti uydurma informasiya yayaraq, guya Azərbaycan Ordusunun bölmələrinin Xankəndiyə raket, Əsgəran, Ağdərə və Xocavəndə isə aviasiya zərbələri endirdiklərini iddia edib.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib ki, bu xəbər düşmənin bu gün Azərbaycanın yaşayış məntəqələrini raket-artilleriya atəşinə tutmasından diqqəti yayındırmaq məqsədini güdüb.
Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu humanitar atəşkəs rejiminə riayət edib və yalnız düşmənin atəş nöqtələrinə adekvat zərbələr endirib.
"Amnesty International" təşkilatı Ermənistanı təcavüzkar kimi təqdim edib
"Amnesty International" təşkilatı Ermənistanın Azərbaycanın Bərdə şəhərinə istifadəsi qadağan olunmuş kasetli raketlərlə zərbələr endirdiyini təsdiqləyib.
Təşkilatın bu barədə yaydığı açıqlamada deyilib ki, Bərdə şəhərinə bir və ya bir neçə "Smerç" raketi atılıb və raket xəstəxanaya yaxın yaşayış ərazisinə düşüb. Nəticədə ən azı 21 nəfər həlak olub, 70-dən çox insan yaralanıb.
Qeyd olunub ki, "Amnesty International"ın böhrana cavab mütəxəssisləri şəkillərə əsasən şəhərə erməni qüvvələri tərəfindən atılan raket qalıqlarının Rusiya istehsalı olan 9M55 "Smerç" raketlərindən 9N235 sursat parçalarının olduğunu təsdiqləyiblər.
Vurğulanıb ki, kasetli sursatlardan mülki ərazilərə qarşı istifadə etmək amansızlıqdır və məsuliyyətsizlikdir. Bu, çoxsaylı insan itkisinə, yaralanmaya səbəb olur. Kasetli döyüş sursatlarının hər cür şəraitdə istifadəsi beynəlxalq humanitar hüquqa əsasən qadağandır.
R.BAXŞƏLİYEV,
"Azərbaycan"