AZ

Qubalı igidin Zəngilan şəhadəti

Vətən müharibəsi şəhidi Rəvan Yusif oğlu Əliyev Sumqayıtda anadan olub. Uşaqlıq və yeniyetməlik dövrü isə ata yurdu Qubada keçib. 2007-ci ildə Quba rayon 3 nömrəli məktəbin 1-ci sinfinə gedib. Bir il sonra balaca Rəvan dərslərilə yanaşı, həm də musiqiyə, poeziyaya həvəs göstərir. Quba şəhər İncəsənət Məktəbində tar və fortepiano dərslərinə qatılır.

Məktəbi bitirdikdən sonra gənc Rəvan təhsilini Bakı İdarəetmə və Texnologiya Kollecində davam etdirir. Təhsilini başa vuraraq 2019-cu ilin iyul ayından müddətli həqiqi hərbi xidmətə çağırılır. Dövlət Sərhəd Xidmətinin Yevlaxdakı Çevik Hərəkət Qüvvələrinin Çevik Hərəkət Briqadasında atıcı vəzifəsində xidmətə başlayır. Xidməti zamanı ona verilmiş tapşırıqların öhdəsindən layiqincə gəlir, hərbi nizamnamənin tələblərinə ciddi riayət edən əsgər olur. Vətən müharibəsi başlayanda Rəvan böyük ruh yüksəkliyi ilə cəbhəyə yollanır. Ağdam və Cəbrayıl istiqamətlərində döyüşür, Zəngilan rayonu ərazisində İran İslam Respublikası ilə dövlət sərhədinin işğaldan azad olunmasında iştirak edir. Düşmənə qarşı amansız olan Rəvan əsl rəşadət nümunəsi göstərir.

Zəngilan rayonu ərazisində Sığırt yüksəkliyinin azad olunması uğrunda döyüşə gedərkən bölüyü ilə birlikdə düşmən pusqusuna düşən Rəvan igidlik göstərərək, sona qədər döyüşür və yoldaşlarının pusqudan çıxmasında fədakarlıq göstərsə də, qəhrəmancasına şəhid olur. 29 oktyabrda Qubada dəfn edilir.

Prezident İlham Əliyevin sərəncamları ilə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirən Rəvan Yusif oğlu Əliyev ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhidin xatirəsini əbədiləşdirmək məqsədilə yaşadığı küçədə abidə-bulaq kompleksi inşa olunub. Qubada yerləşən küçələrdən birinə Rəvanın adı verilib. Bununla yanaşı, onun Zəngilanda şəhid olduğu döyüş mövqeyi də şəhidimizin adı ilə “Rəvan postu” adlandırılıb.

“Müharibə başlayandan döyüşlərdə olub. Rəvanın xatirəsi hər yerdə ehtiramla anılır. 20 yaşı olanda kəndimizdə bulaq kompleksinin açılışı oldu. Mən oğlumla fəxr edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Rəvan həyatsevər, ailəyə bağlı oğul idi. Tarda ifa etməyi öyrənmişdi. Ən çox futbola həvəsi vardı. “Barselona” futbol klubunun stadionu “Nou Kamp”da matç izləmək ən böyük arzularından biri idi. Şəhid olandan sonra döyüş yoldaşları məndən nə lazım olduğunu soruşanda onlardan oğlumun hərbi geyimini istədim. Onu mənə təqdim elədilər. Döyüş yoldaşları daim Rəvanı yad edirlər. Evimizə də gəliblər”, - deyə şəhid atası Yusif Əliyev bildirir. 

Şəhidin anası Mehriban xanım söyləyir ki, Rəvan haqqında danışmaq çətin də olsa, qürurvericidir. Evin tək oğlu olub – bir bacı, bir qardaş. Elə balacalığından hiss edirdim ki, bu uşaqda vətənpərvərlik ruhu yüksəkdir. İllər keçdi, Rəvan şəhid oldu. Mən indi anladım ki, oğlumu niyə fərqləndirirdim. Çünki şəhidlər seçilmişlərdir. Rəvan kimi oğullar sayəsində torpaqlarımız azad olundu. Onlar Azərbaycanın ən yeni tarixini qızıl hərflərlə yazdılar. Rəvan tarix dərsini çox sevirdi. Kollecdə də oxuyanda tarix dərslərindən yaxşı qiymətlər alırdı. Vətənə, bayrağımıza olan sevgisindən idi ki, Rəvan Sərhəd Qoşunlarının könüllü döyüşlərə atılan ­hərbçilərindən oldu. Hara getsə, bayrağımızı özü ilə aparırdı. Sonuncu dəfə müharibə başlamamışdan bir neçə gün əvvəl danışmışdıq. Hamımız üçün ağırdır. Allah şəhidlərimizə rəhmət eləsin.

Müşfiq Mirzə
XQ

 

Seçilən
20
1
xalqqazeti.az

2Mənbələr