“Ağdaş rayonu haqqında çox deyilib, çox yazılıb” – müsahibimiz Hacı Tapdıq Əhmədov ürək sözlərini bildirir, – Ağdaş heyvası Azərbaycanda ən yaxşı heyva sayılır. Bu gün burada heyvanın 15 sortu yetişdirilir. Sizə hansından deyim, “Bəhrəm”, “Cardan”, “Kamil”, “Əppək”, “Armudu”, “İyli”, “Albalı”, “Bardaq”... yenə sayımmı? Hamısı bir-birindən ləzzətli...”.
Düz sözə nə deyəsən? Odur ki, “Heyva festivalı” ilk dəfə Ağdaşda keçirilib. Şənlikdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatları Sahib Alıyev və Məzahir Əfəndiyev, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin rezidentləri, KOBİA və müxtəlif dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri və çoxsaylı rayon sakinləri iştirak ediblər.
Heydər Əliyev meydanında keçirilən açılış mərasimində Heyvaçiçəyi obrazını canlandıran Heyva xanım iştirakçıları salamlayıb. Sonra festival şarları havaya buraxılıb.
Çıxış edənlər bu bar-bərəkət bayramının rayonun sosial-iqtisadi və mədəni həyatında xüsusi rolundan və festival çərçivəsində görülən işlərin əhəmiyyətindən danışıblar. Onlar bildiriblər ki, Ağdaşın mədəni, sosial və iqtisadi potensialını bir araya gətirən “Heyva festivalı” ölkəmizdə qeyd edilən “Konstitusiya və Suverenlik İli”nə təsadüf etməklə, milli birlik və yaradıcılıq ənənələrimizin təcəssümünə çevrilib.
Festival çərçivəsində qonaqlara yerli heyva məhsulları, kulinariya nümunələri, dulusçuluq, keramika, xalçaçılıq, dekorativ toxuculuq, eco-art və ebruli sənəti, həmçinin körpələr evi-uşaq bağçalarının səhnəcik və rəqsləri təqdim olunub. Viktorina, robot texnikası və STEAM layihələri, “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin sərgiləri, floristika, rəsm və plener guşələri, eləcə də idmançı və kəndirbazların çıxışları, sahibkarlıq subyektlərinin məhsulları da tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Festival konsert proqramı ilə başa çatıb.
İlqar Həsənov,
XQ-nin bölgə müxbiri