AZ

Bloomberg: Müttəfiqlərin qərarsızlığı Ukraynanın qışdan sağ çıxmasını çətinləşdirir

Vaşinqton və Avropadakı zəif siyasi iradə Ukraynanın müttəfiqlərini müharibədə zəif həlqəyə çevirib...

Poliqon xəbər verir ju, bunu Bloomberg Opinion nəşrinin icmalçısı Mark Çempion yazıb.

Ukrayna Rusiya ilə müharibənin ən çətin qışına hazırlaşır. Hər iki tərəf quru əməliyyatlarında irəliləyiş əldə edə bilmədiyindən, münaqişə uzunmüddətli hava müharibəsinə çevrilib. Çempion qeyd edir ki, Rusiya qələbə planı ilə, Ukrayna isə sağ qalma planı ilə hərəkət edir. Lakin əsas sual budur: Kiyevin müttəfiqlərinin ümumiyyətlə hər hansı planı varmı?

İcmalçının fikrincə, qısa cavab “xeyr”dir – ən azı hələlik.

"Prezident Donald Trampın Rusiyanın iki ən böyük neft istehsalçısı — Rosneft və Lukoyl — üzərinə sanksiyalar tətbiq etməsi bir ümid işığı yaratdı, amma bununla da bitdi. Trampın bu sanksiyaları Putinin hesablamalarını dəyişəcək qədər uzunmüddətli və sərt şəkildə davam etdirməyə hazır olub-olmadığı bəlli deyil. Daha da pisi odur ki, ABŞ-ın Ukraynaya münasibətində ziddiyyətlər qalır — çünki Tramp administrasiyası silahlandırma və yardımla bağlı bütün maliyyə yükünü vəsaiti tükənən Avropanın üzərinə qoyub", deyə Çempion vurğulayıb.

Ekspertin fikrincə, Avropada yaranan boşluğu doldurmağın yeganə real yolu 140 milyard avro dəyərində dondurulmuş rus aktivlərindən istifadə etməkdir. Lakin bu vəsaitlərin əksəriyyətinin saxlandığı Belçika, mümkün hüquqi xərclərdən ehtiyatlanaraq razılaşmanı əngəlləyib. Buna görə də Ukraynanın 2026-cı ilin birinci rübünün sonunadək maliyyəsiz qalacağı ehtimal olunur:

"Vaşinqton və Avropadakı bu zəif siyasi iradə Kiyevin müttəfiqlərini müharibənin ən həssas nöqtəsinə çevirib. Onların indi atacağı və ya atmayacağı addımlar müharibənin sonunu müəyyən edə bilər. Çünki Ukraynanın sağ qalma planı onun kifayət qədər uzun müddət dözə bilib-bilməyəcəyindən asılıdır – ta ki, Putinin işğalın artan xərclərinin dözülməz olduğunu anlayana qədər".

Çempionun sözlərinə görə, o, Ukraynaya səfəri zamanı hökumətin "qorumaq, bərpa etmək, inkişaf etdirmək" adlı strategiyası ilə tanış olub. Strategiyanın "qorumaq" hissəsi dronlara qarşı yeni texnologiyaların tətbiqini, əsas elektrik yarımstansiyalarının möhkəmləndirilməsini və ABŞ-la Avropadan əlavə sursat axtarışını əhatə edir.

"Lakin bu tədbirlər Rusiyanın dron və raket istehsalını kəskin artırmasının təsirini neytrallaşdırmaq üçün kifayət deyil. Nəticədə Rusiya keçmiş qışlarla müqayisədə on dəfə çox sayda zərbə endirə bilir. Bu hücumlar artıq Ukraynanın təbii qaz hasilatı üzrə istehsal gücünün təxminən 60 faizini məhv edib və idxal xərclərinə əlavə 2 milyard dollar yük gətirib. Bu isə Kiyevin malik olmadığı daha bir məbləğdir", deyə o qeyd edib.

DTEK VDE şirkətinin baş direktoru Aleksandr Selişçev jurnalistə Kiyev yaxınlığında quraşdırılmış, hündürlüyü 2,5 metr olan 70 batareya kubunu göstərib. Bu, ölkə üzrə cəmi bir neçə gün əvvəl işə salınmış altı belə qurğudan biridir. Onların ümumi gücü 200 meqavat təşkil edir ki, bu da tipik bir atom reaktorunun gücünün təxminən yarısına bərabərdir. "Fluence Energy Inc." şirkətinin istehsalı olan bu batareyalar şəbəkədəki tarazlığı dərhal bərpa etməklə qəfil enerji kəsintilərinin qarşısını alır.

Çempion əlavə edib ki, energetika infrastrukturlarına hücumlar nəticəsində yaranacaq yeni qaçqın dalğası Putinin Ukraynadakı birliyi sarsıtmaq məqsədli kampaniyasının tərkib hissəsidir.

"Elə buna görə Putin 26 oktyabrda cəmi üçüncü dəfə olaraq hərbi geyimdə televiziyada göründü, Baş Qərargah rəisi Valeri Gerasimovun Rusiyanın guya yaxın qələbələri barədə hesabatını dinlədi və 'Burevestnik' adlı nüvə mühərrikli, nüvə başlıqlı və məhdudiyyətsiz uçuş məsafəsinə malik raketin sınağı ilə öyündü", deyə icmalçı xatırladıb.

"Burevestnik" raketinin effektivliyi şübhə doğursa da, rus qüvvələri böyük itkilər bahasına Ukrayna ərazisinin 1 faizindən azını ələ keçirib. Lakin Gerasimovun cəbhədə Ukrayna ordusunun guya mühasirəyə alınması və dağılması barədə təbliğat bəyanatları müttəfiqlərin qışda yardımdan imtina etməsi halında reallığa çevrilə bilər.

"Putinin Qərbə mesajı aydındır: Ukrayna onsuz da uduzacaq və biz sonadək müharibəyə hazırıq. Bəs siz? ABŞAvropa liderlərinin cavabı da eyni dərəcədə aydın olmalıdır: nə etməyi planlaşdırırlarsa, bunu dərhal və qəti şəkildə etməlidirlər", deyə Çempion yekunlaşdırıb.

Poliqon.info

Seçilən
20
poliqon.info

1Mənbələr