Gununsesi saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Əlbəttə, müqəddəslik anlayışı təkcə Allah və din ilə bağlı deyil. İnsanlar tarixən öz yaratdıqları anlayışlara da xüsusi anlam yükləməyə çalışıblar.
Məsələn, “müəllim müqəddəsdir”, “müəllimlik müqəddəs peşədir” anlayışları kimi.
Ancaq maraqlıdır, müəllim və müəllimlik həqiqətənmi müqəddəsdir?
Niyə bu şəxslərə və peşəyə müqəddəs kimi baxılmalıdır?
Bəlkə, problem müqəddəs anlayışının özündədir?
Sonda deyiləni əvvəldə deməyin hər zaman faydalı olduğu üçün demək lazımdır:
Əslində, bütün cəmiyyətlərdə müqəddəs bilinən əksər peşələr və şəxslər birmənalı olaraq siyasi məsələdir.
İnsanın yaratdığı hansısa anlayış, nəsnə necə müqəddəs ola bilər?
Ümumiyyətlə, siyasi sistemlər kütləvi idarəetmə üçün ta əzəldən bu cür anlayışlar yaratmağa məcbur və maraqlı olub.
Çünki müqəddəslik toxunulmazlıq, nüfuz deməkdir. Müqəddəs olan tənqid edilmir, sual altına alınmır, səhv edə bilməz, qanundur. Bu isə idarəetmənin ən əsas üsullarındandır.
Əslində isə, insan olan yerdə müqəddəslik yox, olsa-olsa məsuliyyət və vicdan ola bilər.
Müqəddəslik itaətdir və bu da siyasi rejimlərin əsas rçaqıdır.
“Müqəddəs müəllim”, “müqəddəs peşə” qulağa xoş səslənsə də, bu, daha çox insanın öz yaratdığı sosial iyerarxiyanın ideoloji maskasıdır.
Məsələn, siyasi olaraq belə də izah etmək olar:
Əvvəlcə, müəllimə “müqəddəs” damğası vurulur. Belə olduqda, onu tənqid etmək, sual altına almaq mümkünsüzləşir, sözü və obrazı qanunlaşır. Sistemlər müəllimi müqəddəsləşdir, onu mübarək fiqur kimi təqdim edir, sonra isə məhz onun vasitəsilə uşaqlara itaəti, qorxunu, sistemə bağlılığı öyrədir. Konkret olaraq çərçivəyə salır. Bütün bunlar isə, əlbəttə, siyasət, kollektiv idarəetmədir.
Psixologiyada “otoritar şəxsiyyət” anlayışı var. Bu, güc, nəzarət və tabe etdirmə ilə özünü möhkəmləndirən obrazdır. Müasir təhsil sistemində “müqəddəs müəllim” obrazı məhz bu psixoloji modelin məhsuludur.
Müəllimlik vacib peşədir. Peşə isə status yox, daha çox davranışdır.
Müəllimliyin doğrudan da müqəddəs olmasının ziyanları var. Məsələn, müqəddəs müəllim anlayışında avtoritar sistem doğulur, insan müstəqil fikir formalaşdıra bilmir, müəllim özünü toxunulmaz hesab edir, qorxu mühiti yaranır və.s.
Müəllimin müqəddəs olması məsələsi, bəlkə də, fəlsəfə tarixində təkcə Sokrata aid edilə bilər. Çün, öyrətdikləri qarşılığında tələbələrdən pul almayan, hətta özünü buna rəğmən müəllim hesab etməyən, bilgi satmadığını bildirən tək şəxs Sokrat olub. Bu, onu digər filosoflardan, sofistlərdən, bir sözlə, hər kəsdən fərqləndirən ən böyük xüsusiyyət olub. Sokrat bununla həm müəllimin müqəddəs olduğunu göstərirdi, həm də elə olmadığını.
Bir sözlə, nə müəllim, nə də müəllimlik müqəddəs deyil. Bu anlayış daha çox sosial məsuliyyətdir.
Əlbəttə, bir çox peşəyə nəzərən daha vacib və əhəmiyyətli bir anlayışdır. Daha dəqiq, artıq onsuz mümkün deyil.
Sözsüz, müəllim və müəllimlik dəyərdir. Amma dəyər yaratmaq üçün ilahiliyə yox, insaniliyinə ehtiyac var.
Sosial məsuliyyət o deməkdir ki, sən başqalarının həyatına təsir edirsən, amma bu təsir sənin şəxsi mənliyini ucaldan bir “ilahi iş” olmur.
O, sadəcə bir borcdur: müqavilə əsasında olan, qarşılığı verilən borc.
Xülasə, həqiqi müəllim müqəddəsliyi deyil, borcu və vicdanı daşıyır.
Orxan Saffari
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.