BAKI, 29 oktyabr. TELEQRAF
Böyük Britaniya hökuməti İranın Mərakeşlə qonşu olan Qərbi Saharadakı fəaliyyətlərini izlədiyini, amma indiyədək Tehranın “Polisario Cəbhəsi”nə birbaşa dəstəyinə dair heç bir dəlil görmədiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “British Defence Magazine” məlumat yayıb.
Britaniyanın Afrika üzrə dövlət naziri Baronessa Çapman Lordlar Palatasında çıxışında deyib: “Böyük Britaniya İranın “Polisario Cəbhəsi”nə dəstəyinə dair heç bir dəlil görməyib. Bununla belə, İranın bölgədəki fəaliyyətlərini izləməyə davam edirik”.
Nazir vurğulayıb ki, London İranın belə qruplara siyasi, hərbi və maliyyə dəstəyi vasitəsilə sabitliyi pozan davranışını pisləyir və müttəfiqləri ilə bu hərəkətlərin qarşısını almaq üçün çalışır.
Məsələ İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Qərbi Sahara üçün Mərakeşdən müstəqillik əldə etmək istəyən “Polisario” Hərəkatı arasında mümkün əlaqələrə dair xəbərlərdən sonra ortaya çıxdı.
Lordlar Palatasında sual qaldıran Lord Qodson deyib: “İran hökuməti, SEPAH və “Polisario Cəbhəsi” arasında müəyyən qədər rəğbətin olduğuna dair sübutlar var. Britaniya hökuməti mövcud məlumatları yenidən nəzərdən keçirməlidir”.
Eyni görüşdə Lord Bryus xəbərdarlıq etdi ki, müdaxiləçi aktorlar döyüşə girərsə, Qərbi Saharadakı münaqişə proksi müharibəyə çevrilə bilər. Çapman cavab olaraq bildirib ki, Britaniya Mərakeşin yanındadır və öz öhdəliklərinə sadiqdir. Lordlar Palatasının digər üzvləri də İranın regionda sabitliyi pozmaq üçün “Polisario Cəbhəsi”ndən istifadə etmə ehtimalından narahat olduqlarını vurğulayıblar.
Lord Pollok vurğulayıb ki, Britaniya hökuməti İranın sabitliyi pozan hərəkətlərinə qarşı müttəfiqlərini dəstəkləməlidir. Çapman buna cavab olaraq deyib: “İranın belə hərəkətlərinə nifrət edirik və rejimin sülh proseslərini pozmaq üçün öz təsirindən istifadə etmək cəhdlərindən tam xəbərdarıq”.
Qeyd edək ki, Qərbi Sahara Afrikanın Şimal-qərbində yerləşən və 1975-ci ildə İspaniya tərəfindən tərk edildikdən sonra Mərakeş tərəfindən haqq iddia edilən, hazırda da üçdə ikisini idarə etdiyi bölgədir. Bütöv bölgə üzərində 1976-ci ildə müstəqilliyini elan edən Sahara Ərəb Demokratik Respublikasının bu addımı Mərakeş tərəfindən qəbul olunmayıb, onu BMT də tanımır. Bölgəyə qonşu ölkələr - Şimalda Mərakeş, Şimal-şərqdə Əlcəzair, Şərq və Cənubda Mavritaniyadır. Bölgənin qərbində Atlantik okeanı yerləşir.