“Bu il biz müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunmasının 30 illiyini qeyd edirik. Bununla əlaqədar 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib. Azərbaycan dövlətçiliyinin tarixi ağır sınaqlar və parlaq qələbələr tarixidir”.
Avtosfer.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisdə keçirilən Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında bildirib.
“1991-ci ildə müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycan siyasi-iqtisadi və digər sahələrdə mürəkkəb vəziyyətə düşüb. Ölkəmizə qarşı silahlı təcavüz dövlət müstəqilliyinin itirilməsi təhlükəsini yaradıb. Belə bir şəraitdə Ümumilli Lider Heydər Əliyevin həyata keçirdiyi tarixi missiya ölkəmizin qarşısında dayanan problemləri aradan qaldırmağa, vəziyyəti sabitləşdirməyə, qanunçuluğu bərpa etməyə imkan verib. Onun rəhbərliyi ilə hazırlanmış və 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin inkişaf strategiyasını irəli sürdü, xalqın suverenliyi, qanunun aliliyi, hakimiyyət bölgüsü prinsiplərini müəyyən etdi, insan hüquq və azadlıqlarının müdafiəsi üçün təminat yaratdı. Bu mənada ölkəmizin əsas qanunu təkcə hüquqi sənəd deyil, həm də milli tariximizin yeni dövrünün, gələcəyə inam və quruculuq dövrünün simvoludur”, - spiker qeyd edib.