AZ

Salzburg Azərbaycan Evində “44 Günün Nəğməsi” adlı möhtəşəm konsert proqramı keçirildi

 

Diasporla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Diasporlara Dəstək Fondunun dəstəyi və Avstriya Azərbaycanlıları Cəmiyyətinin təşkilatçılığı ilə bu gün Salzburg şəhərində fəaliyyət göstərən Salzburg Azərbaycan Evində möhtəşəm konsert proqramı baş tutdu.

Azərbaycan musiqi mədəniyyətinin, milli birliyimizin və Zəfər ruhunun təntənəsinə çevrilən bu tədbir “44 Günün Nəğməsi” adlanırdı.

Tədbiri giriş sözü ilə Avstriya Azərbaycanlıları Cəmiyyətinin sədri Fərid Əzizov açdı. O, çıxışında bu günün mahiyyətindən, 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin mənəvi və siyasi əhəmiyyətindən, eləcə də tədbirin məqsədindən bəhs etdi.

Fərid Əzizov həmvətənlərimizi və qonaqları Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini anmağa dəvət etdi və bir dəqiqəlik sükut elan olundu.

Çıxışında o qeyd etdi ki, “44 günlük Vətən müharibəsi xalqımızın birliyinin, əzminin və yenilməz ruhunun parlaq təzahürüdür. Bu Zəfər təkcə hərbi qələbə deyil, həm də milli kimliyimizin, mənəvi iradəmizin təntənəsidir.”

Tədbirdə təkcə azərbaycanlı icma üzvləri deyil, Avstriyanın yerli sakinləri, musiqisevərlər və diaspora nümayəndələri də iştirak etdilər.

Alman dilində çıxış edən Avstriya Azərbaycanlıları Cəmiyyətinin nümayəndəsi Həcər Bağcı qonaqlara Qarabağ müharibəsinin gedişi, Azərbaycanın qazandığı tarixi Zəfər və bu qələbənin xalqımız üçün əhəmiyyəti barədə məlumat verdi.

Daha sonra tədbirin bədii hissəsi başladı.

Səhnəyə çıxan tanınmış tarzən Sahib Paşazadə, ifalara başlamazdan əvvəl ingilis dilində qonaqlara müraciət edərək 44 günlük Zəfər tarixindən, bu musiqi proqramının mənəvi məzmunundan danışdı. O, həmçinin ifa olunacaq əsərlərin yaranma tarixindən və Azərbaycan muğam sənətinin özünəməxsus xüsusiyyətlərindən geniş şəkildə bəhs etdi.

Sahib Paşazadə daha sonra Rauf Əhmədzadənin “Üzeyir 140 – Tək Dahi” adlı əsərini ifa etdi.

Ardınca səhnəyə Azərbaycan Respublikasının Əməkdar artisti Kamran Kərimov (nağara) və pianoçu Səbinə Məmmədova dəvət olundular.

Üç sənətkarın peşəkar ifasında səslənən Azərbaycan və Avropa musiqi nümunələri tamaşaçıları valeh etdi.

Tanınmış bəstəkar Volfqanq Amadey Motsartın “Rondo” əsərinin tarzda ifası isə zalda xüsusi rəğbət və uzunmüddətli alqışlarla qarşılandı.

Tədbirin bədii hissəsi başa çatdıqdan sonra qonaqlar musiqiçiləri ayaqüstə alqışlarla təbrik etdilər.

Axşamın sonunda iştirakçılar üçün Azərbaycan mətbəxinə məxsus təamlarla zəngin furşet masası təşkil olundu.

Bu tədbir bir daha göstərdi ki, Azərbaycan mədəniyyəti, musiqisi və ruhu Avropanın mərkəzində – Salzburgda da böyük maraqla qarşılanır və xalqlar arasında dostluq, mədəni əməkdaşlıq və qarşılıqlı hörmətin inkişafına xidmət edir.




 
 
Seçilən
17
1
azreform.info

3Mənbələr