AZ

Danielyan: Fəlakət qopacaq, darmadağın olacağıq

BAKI, 29 oktyabr. TELEQRAF

“Əgər katolikos (II Qaregin) məcburi şəkildə dəyişdirilsə, bu hadisə geosiyasi nəticələrə səbəb olacaq və çox ağır fəsadlar doğura bilər”.

Teleqraf xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

Ekspertin fikrincə, Baş nazir Nikol Paşinyanın “Real Ermənistan” konsepsiyası əsasında bu cəhdləri uğurlu olsa, vahid erməni kilsəsi darmadağın olacaq:

“Tutaq ki, bu proses uğurlu oldu və katolikosu (Paşinyanın söylədiyi kimi) “xalq” seçdi. Bəs, hansı xalq? Yalnız “Real Ermənistan”ın xalqı? Bəs digər bölgələr? Məsələn, Rusiyadakı erməni kilsəsinin ardıcılları bu seçimi qəbul etməsələr, ABŞ və Fransadakı ermənilərin bir hissəsi qəbul etsə, digər hissəsi qəbul etməsə, bəs, onda nə olacaq? Argentina, Paraqvay və Bolqarıstandakı erməniləri bir kənara qoyaq, habelə Ermənistanın bir hissəsini (Nikol Paşinyanı dəstəkləyən qismini)”.

Danielyan qeyd edib ki, II Qaregin təkcə Ermənistan vətəndaşlarının deyil, dünyanın digər ölkələrində yaşayan ermənilərin də dini rəhbəridir: “Bu prinsip pozulsa, təqribən 17 yeni katolikos ortaya çıxacaq, hər biri digəri ilə ziddiyyət yaşayacaq. Hər bir yeni kilsə özünü digərlərindən uzaq tutacaq. Belə vəziyyətdə kənar dövlətlər öz siyasi və geosiyasi maraqlarına uyğun olaraq öz katolikoslarını təyin etməyə çalışacaqlar, bu, hələ nisbətən yaxşı ssenaridir”.

Politoloq bu kontekstdə Gürcüstandakı mövcud siyasi vəziyyətə diqqət çəkərək, qonşu ölkədəki erməni kilsəsinin bağlana biləcəyini iddia edib: “Başqa sözlə, bu proses baş tutsa, erməni kilsəsi parçalanacaq, ümumerməni birliyini dağıdacaq və nəticələri daha da fəlakətli olacaq”.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan bundan əvvəl subaylıq andını pozduğu üçün II Qareginin artıq bütün ermənilərin katolikosu olmadığını açıqlayıb. Baş nazir katolikosu taxtını (Eçmiədzin kafedralını) könüllü olaraq tərk etməyə çağırıb.

Seçilən
26
teleqraf.com

1Mənbələr