Bakı, 29 oktyabr, Leyla Muradzadə, Aytac Haqverdiyeva, AZƏRTAC
Gənc olmasına baxmayaraq o, inklüziv təhsil sahəsində mühüm və faydalı bir ilkə imza atıb. Müəllifi olduğu layihədə Brayl şriftindən istifadə edərək nağıl və rəngləməni bir kitabda birləşdirib. “Tactocolor” adlanan layihənin ideya müəllifi Bakı Dövlət Universitetinin nəzdindəki “Gənc istedadlar” liseyinin X sinif şagirdi Samirə Cəfərlidir. O, uşaq ikən reabilitasiya mərkəzlərində və görmə məhdudiyyətli uşaqlarla çox vaxt keçirib. 5 yaşı olanda onu belə bir sual düşündürdü, “Görmə məhdudiyyəti olan uşaqlar rəngləmə edə bilirmi?”. Elə məhz həmin an S. Cəfərlinin düşüncələrində “Tactocolor” layihəsi ideyası yarandı. Lakin layihəni yalnız 10 ildən sonra həyata keçirmək mümkün oldu. Layihəni reallaşdırmadan öncə o, bunun çətin olacağını düşünürdü. Çünki görmə məhdudiyyəti olan uşaqlar hər şeyi səslə başa düşürlər...
AZƏRTAC-ın əməkdaşları X sinif şagirdi Samirə Cəfərli ilə görüşərək onun “Tactocolor” layihəsi ilə tanış olublar.
Nağılı eşidərək rəngi “görmək”
Söhbət zamanı məlum oldu ki, görmə məhdudiyyəti olan insanlar üçün xüsusi rəngləmə formatının mövcud olmaması S. Cəfərliyə bu layihəni yaratmaq ideyasını aşılayıb. Kitabda həm adi yazıdan, həmdə Brayl əlifbasından istifadə olunub. Layihəni şəxsi əşyalarının satışından maliyyələşdirən Samirə deyib: “Kitabın ilk səhifəsində təlimat yazılır, digər səhifədə isə Brayl şrifti ilə mətnin izahı verilir. Bu nəşr zəif görənlər və görmə məhdudiyyəti olan insanlar üçün nəzərdə tutulub. Hər qələm üzərində xətlər mövcuddur. Hər bir rəng 1, 2, 3 və bir neçə xətlə qeyd olunub. Uşaqlar o xətlərə toxunaraq rəngləri müəyyən edə bilirlər”.
Rəngləmə üçün rəsmə gəldikdə, onlar xüsusi qabarıq xətlərlə çəkilib. Bunun əsas məqsədi uşaqların rəngləmə zamanı çərçivədən kənara çıxmamasıdır. Kitabda hər nağılın mövzusuna aid rəsmlər təqdim olunub. Nəşrdə yer alan nağıllar uşaqların rəsmləri beynində canlandırılmasına, həmçinin onların yaradıcı düşünmə bacarıqlarının inkişafında kömək edəcək. Rəngləmə zamanı uşaqlar öz fantaziyalarından istifadə edərək fərqli rənglər seçə bilərlər.
Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzi ilə əməkdaşlıq
Kitab Brayl Nəşrləri İnformasiya Resurs Mərkəzində çap olunur. Bu müəssisə görmə məhdudiyyətli insanlar üçün kitablar nəşr edir. Mərkəzin direktoru, görmə məhdudiyyəti olan Mais Muradov təqdim olunmuş layihənin gənclərin inkişafına böyük dəstək olduğunu deyib: “Layihənin müəllifi Samirə xanım çox aktual şəkildə müasir tələblərə cavab verən layihə hazırlayıb. Orada qabarıq xətlərlə lazımi şəkillər və onları əks etdirən mətnlər nəşr olunub. Bu cür layihələrin davamlı şəkildə həyata keçirilməsi gənclərə hərtərəfli dəstək olur”.
Son illər ərzində mərkəz Elm və Təhsil Nazirliyi ilə işləyir. Orta məktəblər üçün Brayl şriftinin istifadə edildiyi dərsliklər hazırlayır. M.Muradov isə metodoloji redaktənin vacib məqamlardan biri olduğunu qeyd edir: “Bizim nəşriyyatda bədii, elmi-kütləvi nəşrlər çap olunur. Hazırda “Azərnəşr”in layihəsi əsasında mərkəzimizdə bp-nin maliyyə dəstəyi ilə bədii kitablar nəşr edilir. Müxtəlif nəşriyyatlarda çap olunmuş kitabların Brayl variantı hazırlanır. Kitabların elektron versiyası əldə olunandan sonra xüsusi proqramla Brayl variantına çevrilərək printerlərdə çap edilir”.
Mərkəzin direktoru Samirə Cəfərlinin layihəsi əsasında hazırlanan kitabların Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbinə təqdim edildiyini deyib: “Biz bu nəşrlərin daha geniş kütləyə yayılmasını istəyirik. Lakin iri tirajlı nəşrlər üçün yüksəkkeyfiyyətli avadanlıqlar lazımdır. Çünki müəssisəmizdə istifadə olunan printerlər iri tirajlı kitablar üçün nəzərdə tutulmayıb. Gələcəkdə isə bu avadanlıqların alınmasını planlaşdırırıq. Ümid edirəm ki, məsələ ilə bağlı donorlar bizə dəstək olacaq”.
M.Muradov sonda gənclərə Brayl üzrə çapa ehtiyacı olan kitabların nəşrini həyata keçirməkdə daha aktiv olmağı tövsiyə edib.
Bir nüsxədən min nüsxəyə
Təqdim olunan kitab uşaqların qrammatik biliklərini artıraraq oxuma bacarıqlarını da inkişaf etdirir. Görmə məhdudiyyəti olan uşaqların bir çoxları rəngləri ayırd edə bilmirlər. Məsələn, limonun, almanın rənglərini təsəvvür edə bilmirlər. Onun üçün mətndə meyvələrin, heyvanların rəngi barədə məlumat verilib. Bunun köməyi ilə uşaqlarda, həmçinin rəng anlayışı da artmağa başlayacaq.
İnklüzivliklə bağlı bu tip layihələrin daha geniş yayılmasını dəstəkləyən liseyin şagirdi görmə və eşitmə məhdudiyyəti olan uşaqlarla bağlı yeni bir neçə layihə ideyasının olduğunu da deyib: “Gələcəkdə öz ideyalarımı həyata keçirmək və bu layihənin davamlığını təmin etmək istəyirəm. Ümid edirəm ki, kitabların daha çox tirajla buraxılması və uşaqların istifadəsinə verilməsi üçün sponsorlar öz dəstəklərini göstərəcək”.
İstedadlı gənc bu kitabın Azərbaycanın bütün bölgələrində istifadə olunmasını, gələcəkdə isə xarici bazara çıxarmaq istədiyini deyib: “Bu layihə dünyada bir ilkdir və SASMO təșkilatının dəstəyi ilə reallaşıb. Kitabda həm nağıllar, həm rənglər bir yerdə cəmlənib. Qələmlərin üstünü xətlərlə qeyd etmək isə inklüzivlik sahəsində bir innovasiyadır. Düşünürəm ki, biz bunu dünyada yaysaq görmə məhdudiyyətli insanlar üçün çox faydalı olar”.