ain.az bildirir, Avtosfer portalına istinadən.
Bəzən paytaxt yollarında sürücülər arasında belə bir sual yaranır: sağ zolaq boş olduğu halda oradan hərəkət edib, soldakı avtomobilləri geridə qoymaq “sağdan ötmə” sayılırmı və bu, qayda pozuntusudurmu?
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov mövzuya aydınlıq gətirib.
Onun sözlərinə görə, bu hal “ötmə” hesab edilmir, çünki ötmə — zolağı dəyişərək bir və ya bir neçə avtomobili geridə qoymaq deməkdir. Bu halda isə sürücü zolağını dəyişmədən, sadəcə hərəkətini davam etdirir:
“Bəzən sol zolaqlarda avtomobillər gedir, sağ zolaq isə boş olur. Biz də sağ zolaqla soldakı avtomobilləri geridə qoyuruq. Bu sağdan ötmə sayılırmı? Bunun cəriməsi varmı? Xeyr, ötmə - zolağı dəyişərək bir və ya bir-neçə avtomobili geridə qoymaqdır. Biz isə zolağı dəyişmədik. Ona görə bu manevrə görə cərimə yazıla bilməz. Bu üstələmə adlanır və bunu bəziləri yandan keçmə adlandırır. Amma bunun əsil adı üstələmədir.”
Mütəxəssis əlavə edib ki, belə hallarda əsas məsələ təhlükəsiz hərəkət intervalının qorunmasıdır. Əgər sürücü zolağını dəyişmədən, digər nəqliyyat vasitələri ilə toqquşma və ya maneə yaratma riski olmadan hərəkət edirsə, bu, qayda pozuntusu sayılmır.
Aqil Rəhimov həmçinin qeyd edib ki, “üstələmə” ilə “ötmə” anlayışlarını bir-birinə qarışdırmaq sürücülər arasında geniş yayılmış səhvdir və bu cür məlumatlılıq yol hərəkəti təhlükəsizliyi baxımından vacibdir.
Eltac Zülfüqaroğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.