BAKI, 29 oktyabr. TELEQRAF
Biləsuvar rayonunda həmyerlisini qətlə yetirməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, Şirvan Apellyasiya Məhkəməsində hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, dövlət ittihamçısının apellyasiya protesti təmin olunub, təqsirləndirilən şəxsin cəzası 16 ilə qədər artırılıb.
Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri isə təmin edilməyib.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Məmmədquliyev 14 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.
İttihama görə, qətl hadisəsi 27 oktyabr 2024-cü ildə Biləsuvar rayonunda məcburi köçkünlər üçün inşa edilmiş 3 saylı qəsəbə ərazisində baş verib.
Cəbrayıl rayon sakini S.Məmmədquliyev Şahin Şahverdiyevi yaşadığı yarımçıq tikilinin yaxınlığında arı saxlanması üçün nəzərdə tutulmuş yeşiklərin yanında görüb. Ş.Şahverdiyevin əvvəllər vatsapda ailə üzvlərinin ünvanına təhqiramiz mesajlar göndərməsi, bacısını dəfələrlə narahat etməsi səbəbindən onu cəzalandırmaq qərarına gəlib.
Qəflətən Ş.Şahverdiyevə hücum edib, onu yumruqlayıb.
Daha sonra boğazından sıxaraq yerə yıxıb, təxminən 40 dəqiqə müddətində ona yumruq, təpik və başı ilə kəllə zərbələri endirib. İki-üç dəfə başını torpaq səthinə çırpıb. Yerdən götürdüyü taxta parçası ilə bədəninin müxtəlif nahiyələrinə çoxsaylı zərbələr vurub.
Ş.Şahverdiyev aldığı zərbələrdən vəfat edib.
Məlum olub ki, Ş. Şahverdiyev təqsirləndirilən şəxsin bacısına elçi göndərib, “yox” cavabı alandan sonra ailəyə qarşı nalayiq hərəkətlər edib və nəticədə qətl hadisəsi baş verib.
İstintaq orqanı tərəfindən S.Məmmədquliyevin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.