Bakı, 29 oktyabr, AZƏRTAC
Hazırda mürəkkəb çağırışların mövcud olduğu bir dünyada yaşayırıq. Məhz Konstitusiya dövlət və xalq arasında körpü rolunu oynayaraq, təməl funksiyasını yerinə yetirir. Bu konsepsiya hər zaman millətlərin kollektiv şüurunda əsas təməl olaraq qalır.
AZƏRTAC xəbər verir ki, bunu Pakistan Senatının sədri Syed Yusuf Raza Gilani Milli Məclisdə Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
“Azərbaycan haqqında bir məqamı diqqətə çatdırım. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda milli birlik, kimlik və sadiqlik məsələləri möhkəmlənib. Prezident İlham Əliyevin məhz bu ili Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan etməsi onun öz dəyərlərinə sadiqliyinin bariz nümunəsidir. Bu gün suverenlik müxtəlif sınaqlarla üz-üzədir. Gəlin suverenlik və bərabərlik prinsiplərinə birlikdə sadiq qalaq”, – deyə Senatın sədri əlavə edib.