Ağsu rayon sakini Abışov Hafiz Atakişi oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, Ağsu xəstəxanasında tibb bacılarına iynə vurmağa icazə verilmir:
“Mən, Abışov Hafiz Atakişi oğlu, yazaraq bildirirəm ki, “Neftçilər” Xəstəxanasında olan özbaşınalıqları 24.09.2025-ci il tarixində Kürdəmir rayonunda vətəndaş qəbul zamanı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyevin və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun qəbulunda olarkən bildirdim. Çox sağ olsunlar, axıra kimi məni dinlədilər, tapşırıqlar verdilər.
02.10.2025-ci il tarixində həyat yoldaşımın səhhətində yaranmış problemlə əlaqədar onu Kürdəmir rayon xəstəxanasına apardım. Ginekoloq Günel xanımın qəbulunda olduq. Resept yazıb bildirdi ki, təcili iynə-dərmanını etdirin.
Maddi sıxıntıların səbəbindən həmin günü dərmanları ala bilmədik. Səhəri gün iynə-dərmanı alıb, Ağsu xəstəxanasına yaxınlaşdıq. Tibb bacısından xahiş etdik ki, bu iynəni vursun. Tibb bacısı bildirdi ki, növbətçi həkimə deməsə, iynəni vura bilməz.
Növbətçi Aynur adlı həkim idi. Aynur xanım çox aqressiv şəkildə “olmaz, icazə yoxdur”, - dedi. Niyəsini soruşduqda isə bildirdi ki, baş həkim Gülnar xanım tapşırıb, damar iynəsi və ya sistem köçürmək olmaz.
Əlacsız qalıb başqa bir yerdən tibb bacısı tapıb, iynəni vurdurduq. Həmin gündən İcbari Tibbi Sığortanı və TƏBİB-in qaynar xəttini yığıb iradımı bildirdim. Bu özbaşınalıqdan başqa heç nə deyil.
Xəstəxananın baş həkimin müavini Vüqar Həmidovdan soruşduqda ki, müraciətim nə yerdədir, heç bir cavab ala bilmədim. Bir sözlə, Ağsu sakinlərinin işi Allaha qalıb. Xəstə xəstəxanada iynə vurdura bilmir, bu nə deməkdir?!”
Jalə FAMİLQIZI
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.