AZ

Tehranda gərginlik: Xameneinin qəzeti Ruhani və Zərifi hədəfə aldı

BAKI, 29 oktyabr. TELEQRAF

İranın Ali dini rəhbəri Əli Xameneiyə yaxınlığı ilə seçilən “Keyhan” qəzeti keçmiş prezident Həsən Ruhani və sabiq xarici işlər naziri Məhəmməd Cavad Zərifin Rusiyaya dair açıqlamalarını tənqid edib.

Qəzet yazıb ki, Ruhani və Zərifin bəyanatları “daxili fiqurlar vasitəsilə Qərbin media-siyasi layihəsinin bir hissəsi”dir, məqsədi xalqın müqavimət siyasətinə olan etimadını zəiflətməkdir.

“Keyhan” həmçinin Ruhani və Zərifin Rusiyaya dair tənqidi fikirlərini “aşkar milli maraqlara qarşı mesajlar” adlandırıb və İranın Rusiyadan asılılığı məsələsini “qərbyönlü baxış” kimi qiymətləndirib.

Nəşr vurğulayıb ki, bu açıqlamalar Qərbin tələblərinə qarşı aktiv müqavimət siyasətinə etimadı sarsıtmaq məqsədi daşıyır: “Həsən Ruhani son aylarda bir neçə dəfə İranın Qərb, xüsusilə ABŞ ilə danışıqlar aparmasını tələb edib”.

Kemiş prezident həmçinin sentyabrda etdiyi çıxışında Tehranı dolayı yolla Ukraynada Rusiyaya dəstək verməkdə və bu yöndə çoxlu xərcləmələr etməkdə ittiham edib.

Həsən Ruhaninin bugünlərdə sosial şəbəkələrdə yayılan videosunda bildirilib ki, 2010-cu ildə Çin və Rusiya BMT Təhlükəsizlik Şurasında İran əleyhinə sanksiya qətnamələrinə səs verib. Məhəmməd Cavad Zərif də bəyan edib ki, Moskva həm İranın dünya ilə normal əlaqə qurmasını istəmir, həm də onu digər ölkələrlə birbaşa qarşıdurmaya girməkdən çəkindirir.

Seçilən
22
teleqraf.com

1Mənbələr