AZ

Gecə işığı ürək xəstəliyi riskini artırır - ARAŞDIRMA

Müasir həyat tərzində bir çox insanlar gecələr otaqda zəif də olsa işıq saxlayır -ya televizor, telefon ekranı, ya da kiçik gecə lampası. Lakin elm adamları bu vərdişin düşündüyümüz qədər zərərsiz olmadığını bildirirlər. Son illərdə aparılan bir çox beynəlxalq araşdırmalar göstərir ki, gecə boyu süni işığa məruz qalmaq ürək və damar sağlamlığı üçün təhlükə yarada bilər.

Missiya.Az bu barədə araşdırmasını təqdim edir.

Alimlər vurğulayır ki, insan bədəni bioloji saat prinsipi ilə işləyir -yəni, işıq və qaranlıq dövrləri orqanizmin ritmini müəyyənləşdirir. Gecə qaranlıq olduqda melatonin hormonu aktiv şəkildə ifraz olunur. Bu hormon təkcə yuxu keyfiyyətini artırmır, həm də qan təzyiqini, ürək döyüntüsünü və bədən istiliyini tənzimləyir. Lakin otaqda işıq yandıqda melatonin səviyyəsi azalır və bədən “gecə rejimindən” çıxaraq stress hormonlarının səviyyəsini artırmağa başlayır.

Yaponiyada 500-dən çox yaşlı insan üzərində aparılan bir tədqiqatda məlum olub ki, işıqlı mühitdə yatanlarda ürək-damar problemləri, yüksək təzyiq və şəkər pozğunluğu halları daha çoxdur. Digər bir Amerika araşdırması göstərib ki, gecə süni işığa məruz qalan insanların xolesterin səviyyəsi və ürək döyüntüsü daha yüksək olur. Bu vəziyyət uzun müddət davam etdikdə arteriya divarlarında zədələnmə və ürək ritm pozğunluğu kimi problemlərə yol aça bilər.

Bundan başqa, süni işıq yuxu keyfiyyətini aşağı salır. İnsan dərin yuxu mərhələsinə keçə bilmədiyi üçün bədən tam istirahət etmir, nəticədə immun sisteminin zəifləməsi, gərginlik, yorğunluq və maddələr mübadiləsinin pozulması baş verir. Bu da dolayısı ilə ürək xəstəliklərinin yaranma riskini artırır.

Mütəxəssislər məsləhət görürlər ki, sağlam yuxu və ürək qorunması üçün yuxuya getməzdən əvvəl otaqdakı bütün işıqları söndürülməli, elektron cihazları (telefon, televizor, planşet) uzaqlaşdırılmalıdır. Əgər tam qaranlıqda yatmaq çətindirsə, isti tonlu, çox zəif işıq seçmək lazımdır. Gecə rejimini bərpa etmək üçün yuxudan əvvəl sakitləşdirici fəaliyyətlər- kitab oxumaq və ya sakit musiqi dinləmək effektiv ola bilər.

Unutmaq olmaz ki, qaranlıq bədən üçün təbii şəfa mühiti sayılır. Gecə işığını sönüdüb rahat yatmaq təkcə istirahətinizi yaxşılaşdırmır, həm də ürək və damar sağlamlığınızı qorumağın sadə, lakin çox təsirli üsuludur.İlahə Qənbərli

Missiya.Az

Seçilən
22
missiya.az

1Mənbələr