AZ

Gələn il Şuşada İƏT-ə üzv ölkələrin sənaye və media nümayəndələrinin iştirakı ilə silsilə tədbirlər keçiriləcək

Şəki, 29 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ilə son iki ildə sıx əməkdaşlıq edir. 2023-cü ildə Azərbaycan təşkilatın Regional Planlaşdırma Şurasının turizm sessiyalarına rəhbərlik edib. Bu tədbirlər çərçivəsində Azərbaycan Respublikasının ərazisində bir neçə beynəlxalq tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyev Şəkidə keçirilən İƏT-ə üzv ölkələrin İpək Yolu üzrə İşçi Qrupunun 1-ci iclası zamanı jurnalistlərə açıqlamasında deyib.

Agentliyin rəsmisi bildirib ki, 2023-cü ilin oktyabrında Bakıda təşkilata üzv ölkələrin turizm institutlarının ilk görüşü keçirilib və Bakı bəyannaməsi qəbul edilib. Bəyannamə ilə turizm təhsil şəbəkəsinin əsası qoyulub. Eyni zamanda, 2024-cü ilin mayında təşkilatın üzv ölkələrinin turizm operatorlarının ilk forumu keçirilib, sənaye nümayəndələri arasında görüşlər təşkil edilib.

“Bir məsələni də qeyd etmək istəyirəm ki, 2023-cü ilin oktyabrında İran İslam Respublikasının Ərdəbil şəhərində İƏT-ə üzv ölkələrin turizm nazirlərinin görüşündə Şuşa şəhəri 2026-cı ildə təşkilatın Turizm paytaxtı elan edilib. Artıq hökumət tərəfindən silsilə tədbirlər planı təsdiqlənib. Gələn il Şuşa şəhərində İƏT-ə üzv ölkələrin sənaye sublektlərinin, media nümayəndələrinin iştirakı ilə müxtəlif mövzularda silsilə tədbirlər keçiriləcək. Ümumiyyətlə, Azərbaycan təşkilatla sıx əməkdaşlıq edir və regionun turizm potensialının üzə çıxmasına öz töhfəsini verir”,- deyə Agentliyin Aparat rəhbəri bildirib.

Seçilən
21
3
azertag.az

4Mənbələr