Bakı, 29 oktyabr, AZƏRTAC
Azərbaycan mədəniyyətlərarası anlaşmanın təşviqi, insan ləyaqətinin qorunması və sülh təşəbbüslərinin regional və qlobal səviyyədə dəstəklənməsi istiqamətində davamlı səylər göstərir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qlobal Dözümlülük və Sülh Şurasının (GCTP) prezidenti Ahmed Aljarwan Milli Məclisdə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş “Konstitusiya müasir dünyada dövlətlərin müstəqilliyinin və suverenliyinin təməli kimi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı deyib.
O, eyni zamanda, bildirib: “Milli Məclislə tərəfdaşlığımız bizim üçün böyük qürur və təqdir mənbəyidir. Bu, mütləq şəkildə yüksək qiymətə layiqdir. Azərbaycan nümayəndələrinin dialoqun, tolerantlığın və münaqişələrin sülh yolu ilə həllinin təşviqində konstruktiv və təsirli rol oynamalarını, Beynəlxalq Tolerantlıq və Sülh Parlamenti çərçivəsində Milli Məclisin fəal iştirakını və inkişaf prosesini yüksək qiymətləndiririk. Bu səbəbdən biz birlikdə parlamentlər və millətlər arasında sülh mədəniyyətini yaymaq üçün çalışmışıq və əminik ki, əməkdaşlığımız öz bəhrəsini bundan sonra da verəcək. Xüsusilə də insan hüquqlarının müdafiəsi, gənclərin və qadınların səlahiyyətlərinin artırılması, təhsilin və dinlərarası anlaşmanın gücləndirilməsi sahələrində bu əməkdaşlıq özünü daha aydın şəkildə göstərəcək”.