Rusiya-Ukrayna müharibəsi artıq dördüncü ilə qədəm qoyur və vəziyyət getdikcə daha mürəkkəb xarakter alır. Qərb dövlətlərinin Ukraynaya dəstəyi davam edir, Moskva isə geri addım atmır. Belə bir şəraitdə ABŞ-ın sabiq prezidenti Donald Trampın sülh təşəbbüsləri beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Lakin müşahidələr göstərir ki, bu cəhdlər hələlik konkret nəticə vermir.
Politoloq Oqtay Qasımov Editor.az-a açıqlamasında bildirib ki, Rusiya-Ukrayna müharibəsinin dayanması üçün atılan addımlar hələlik uğurlu nəticə ilə yekunlaşmayıb:

“Tərəflərin danışıqlar masası arxasına oturması real görünmür, çünki şərtlər uyğun deyil. Ukraynanın son vaxtlar Rusiya ərazilərinə intensiv zərbələr endirməsi göstərir ki, Kiyev döyüş meydanında üstünlük qazanmaqla masada əlini gücləndirmək istəyirRusiya hazırda Ukrayna ərazilərinin təxminən 20 faizinə nəzarət edir, lakin son bir il ərzində bu göstəricidə ciddi artım müşahidə olunmayıb. Ukrayna son dövrlər dron və raket hücumları ilə Rusiyanın dərinliklərini vurur. Bu, yaxın gələcəkdə Moskvanın da birbaşa hədəfə çevrilə biləcəyi ehtimalını artırır. Beləliklə, müharibənin coğrafiyası genişlənə bilər”.
Politoloq həmçinin qeyd edib ki, Rusiyanın son davranışları Donald Trampda da müəyyən məyusluq yaradıb və bu, sülh prosesinin uzanmasına gətirib çıxarır.
“Trampın Çin lideri Si Cinpinlə gözlənilən görüşündə Ukrayna-Rusiya müharibəsinin müzakirə ediləcəyi gözlənilir. ABŞ tərəfi Çindən Rusiyaya dəstəyini azaltmasını istəyə bilər. Lakin Çin buna razılıq verəcəkmi? Bu, hələlik açıq sual olaraq qalır,” – deyə ekspert əlavə edib.
Oqtay Qasımovun fikrincə, müharibə artıq yalnız iki ölkə arasında deyil, qlobal güclərin maraqlarının toqquşduğu müstəviyə keçib:
“Böyük güclərin maraqları təmin olunmayana qədər müharibənin uzanma ehtimalı yüksəkdir. Avropa ölkələrinin Ukraynaya artan dəstəyi isə Rusiyanın vəziyyətini çətinləşdirir. Avropada belə hesab olunur ki, Ukraynanın məğlubiyyəti onların təhlükəsizliyinə birbaşa təhdid yarada bilər”.
// Gülnarə Abasova, Editor.az