Braziliyanın Rio-de-Janeyro ştatında aparılan genişmiqyaslı narkotik əməliyyatı zamanı 4-ü polis olmaqla ən azı 60 nəfər həlak olub.
Ölkə.az xəbər verir ki, Rio-de-Janeyro valisi Klaudio Kastronun açıqlamasına görə, əməliyyatın məqsədi bölgədə fəaliyyət göstərən “Comando Vermelho” adlı cinayətkar qruplaşmanın təsir dairəsini məhdudlaşdırmaq olub.
Əməliyyata 2500 polis əməkdaşı və 32 zirehli texnika cəlb edilib. Təhlükəsizlik qüvvələri şəhərin şimal hissəsində yerləşən Alemao və Penha bölgələrinə daxil olublar.
Valinin sözlərinə görə, əməliyyat çərçivəsində ən azı 81 nəfər saxlanılıb və bu, Rio-de-Janeyro ştatı tarixində ən genişmiqyaslı təhlükəsizlik əməliyyatı kimi qeyd olunur.
Həmçinin bölgə sakinlərinə evlərindən çıxmamaq barədə xəbərdarlıq edilib və əməliyyatın təhlükəsizlik tam bərpa olunana qədər davam edəcəyi bildirilib.
Həmidə İbrahimova