Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə Qax rayonunda Axar-Baxar Milli Parkının açılış mərasimi keçirilib.
Ətraflı
Eyni zamanda, ekosistemdə balansın bərpası və biomüxtəlifliyin qorunmasına dəstək məqsədilə Acınohur çölü ərazisində 10 ceyran, 2 çöl pişiyi (qamışlıq və meşə pişiyi) və 4 vəhşi quş, o cümlədən 2 bərqud, 1 bozqır qartalı və 1 ağbaş kərkəs təbii mühitə buraxılıb.
Açılış mərasimi çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva həmçinin Əyriçaya 20 min balığın buraxılmasında iştirak ediblər. Buraxılan balıqların 5 mini forel, 15 mini isə sazan növünə aiddir.
Qeyd edək ki, Axar-Baxar Milli Parkı Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 14 iyul tarixli müvafiq Sərəncamı ilə yaradılıb. Yeni Milli Park xüsusi mühafizə olunan təbiət əraziləri şəbəkəsinin genişləndirilməsini, biomüxtəlifliyin qorunub saxlanılmasını, ətraf mühitin dayanıqlı idarə olunması ilə yanaşı, sosial-iqtisadi imkanların artırılmasını, yerli icmaların ekoloji təşəbbüslərə inteqrasiyasını və regionlarda ekoturizmin inkişafını təmin etmək məqsədilə yaradılıb.







