Məşhur Məmmədov,
Millət vəkili
Oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfər edərək “Böyük Qayıdış” Proqramının icra vəziyyəti ilə tanış olmasını və sakinlərlə görüşməsini qürurla izlədik. Dövlətimizin başçısı həm məskunlaşma, həm də iqtisadi və sosial inkişaf istiqamətində görülən işləri yerində izləyib, sakinlərə mənzillərin açarlarını təqdim etdi.
Prezident İlham Əliyev Məmmədbəyli və Ağalı kəndlərinin açılışında iştirak edərək kəndlərdə yaradılan şəraitlə tanış oldu. Qısa müddətdə Məmmədbəyli kəndində 188 fərdi ev inşa olunub, bunlardan 39-u ikiotaqlı, 55-i üçotaqlı, 55-i dördotaqlı və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı sahələr hasarlanıb, evlər su, işıq, qaz və yüksək sürətli internetlə təmin olunub, eyni zamanda Günəş panelləri quraşdırılıb. Kənddaxili yollar asfaltlanıb, çoxfunksiyalı qeyri-yaşayış binaları inşa edilib, keçid və istinad divarlarında rəsmlər çəkilib. Ağalı və Məmmədbəyli kəndlərini birləşdirən keçid vasitəsilə məktəb, uşaq bağçası, ailə sağlamlıq mərkəzi, bazar kompleksi və digər obyektlərdən istifadənin rahatlığı təmin edilib.
Səfər zamanı Cəbrayılın Horovlu kəndində də bayram əhval-ruhiyyəsi yaşandı. Prezident İlham Əliyev sakinlərlə görüşərək 334 mənzilin açarlarını təqdim etdi. İlk mərhələdə 1 400 nəfər məskunlaşacaq. Dövlət başçısı qeyd etdi ki, kənddə məktəb, uşaq bağçası, tibb məntəqəsi və iş yerləri yaradılıb. Xatırlatma üçün qeyd edim ki, Horovlu kəndi Vətən müharibəsinin ilk həftəsində işğaldan azad olunub və bu ərazi Zəfər yürüşünün başlanğıc nöqtəsi olub.
Zəngilan şəhərində isə 104 mənzilli 12 binadan ibarət yaşayış kompleksi istifadəyə verilib. Kompleks şəhərin mərkəzi hissəsində yerləşir və müasir memarlıq yanaşmaları ilə tikilib. Burada uşaq və idman meydançaları, avtomobil dayanacaqları və elektromobillər üçün enerjidoldurma məntəqəsi yaradılıb.
Prezident İlham Əliyev qeyd edib ki, bölgədə kənd təsərrüfatı və heyvandarlıq üçün şərait yaradılır. Hər bir sakin üçün 12 sot həyətyanı sahə ayrılıb, əlavə olaraq örüş və əkin üçün yararlı torpaqlar mövcuddur. Qarabağ və Şərqi Zəngəzurda işsizlik problemi olmayacaq; dövlət iş yerlərinin yaradılmasını əsas vəzifə kimi qarşıya qoyur.
Cəbrayıl və Zəngilan rayonlarında “Araz Vadisi” sənaye zonası artıq fəaliyyət göstərir və yaxın gələcəkdə burada 20-yə yaxın müəssisə fəaliyyət göstərəcək. Həmçinin, Günəş və su elektrik stansiyalarının gücü təqribən 400 meqavata çatacaq ki, bu da böyük şəhərlərin enerji tələbatını ödəyə bilər. Bu, bölgədə həm sənaye, həm də kənd təsərrüfatı potensialının yüksək səviyyədə inkişaf etdiyini göstərir.
Sakinlərin Prezident İlham Əliyevə təşəkkür edərək uzun illər ərzində yaşadıqları çətinlikləri xatırlamaları diqqətimizdən qaçmadı. Onlar bildirdi ki, işğal dövründə evləri, mal-qarası və torpaqları viran qoyulmuşdu. Dövlət başçısı isə vurğuladı ki, düşmən torpaqlarımızdan qovulub, şəhidlərimizin qanı müqabilində ədalət bərpa olunub və indi bölgədə əbədi və firavan həyat qurulur.
Horovlu sakinləri kəndin yenidən qurulmasını İsveçrə ilə müqayisə etdiklərini bildiriblər. Eyni zamanda, üzümçülük, maldarlıq, arıçılıq və digər kənd təsərrüfatı sahələrinin müasir üsullarla inkişaf etdirildiyi qeyd olunub. Sakinlər dövlətin dəstəyinin hər bir sahədə hiss olunduğunu və kəndlərin gözəl və funksional memarlıq əsərləri ilə bərpa edildiyini qeyd etdilər.
Prezident İlham Əliyev Horovlu və Zəngilan səfərlərinin əhəmiyyətini vurğulayaraq qeyd etdi ki, bu gün "Böyük Qayıdış"ın növbəti mərhələsidir. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, azad olunmuş bütün torpaqlarda geniş quruculuq işləri gedir. İşğal dövründə çətin şəraitdə yaşamış köçkünlər artıq doğma torpaqlarına qayıdır və firavan həyat yaşayırlar.
Həmçinin, dövlət başçısı bildirdi ki, bölgədə məktəblər, xəstəxanalar, məscidlər və digər sosial obyektlər tikilir, tarixi abidələr bərpa olunur və bölgənin nəqliyyat infrastrukturu, o cümlədən Zəngəzur və Araz dəhlizləri ilə ölkənin iqtisadi inkişafına töhfə verəcək.
Prezident İlham Əliyevin Cəbrayıl və Zəngilan rayonlarına səfəri “Böyük Qayıdış” Proqramının sosial-iqtisadi və tarixi əhəmiyyətini bir daha təsdiqləyir. Yaradılan yaşayış kompleksləri, iş yerləri, infrastruktur və kənd təsərrüfatı imkanları bölgədə insanların rahat və firavan həyat sürməsini təmin edir. Tarixi torpaqlarımızın bərpası və iqtisadi inkişafın təşkili regionun davamlı tərəqqisini və Azərbaycanın strateji mövqeyinin güclənməsini təmin edir.