AZ

Dövlət satınalmalarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılıb

İqtisadi və Sosial Araşdırmalar Yardım İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlət satınalmalarının təşkili və idarə olunması” mövzusunda yekun seminar-müzakirə keçirilib.

QHT.az xəbər verir ki, tədbirdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Satınalma şöbəsinin müdiri Elşən Həsənov çıxış edərək dövlət satınalmalarının inkişaf istiqamətləri və qanunvericiliyin təkmilləşdirilməsi barədə fikirlərini bölüşüb.

Elşən Həsənov bildirib ki, bu sahədə uzunmüddətli irəliləyiş təcrübəsi mövcuddur və sahibkarların, xüsusilə də inklüziv sahibkarların dövlət satınalmalarında fəal iştirakı bu prosesin daha da sürətlənməsinə şərait yaradar:

“Sahibkarlar nə qədər çox maraq göstərsələr və prosesə qoşulsalar, qanunvericiliyin təkmilləşməsi bir o qədər sürətlə baş verər. Mikrosahibkarlar üçün də müəyyən dəstək mexanizmləri nəzərdə tutulub. Dövlət özü də maraqlıdır ki, sahibkarlar iştirak etsinlər, çünki kiçik sahibkarlar iqtisadiyyatın onurğa sütunudur – həm işçi qüvvəsinin təmin olunması, həm də iqtisadi aktivliyin artması baxımından onların rolu danılmazdır”.

Şöbə müdiri qeyd edib ki, mənfi halların minimuma endirilməsi məqsədilə satınalmalarda elektronlaşma istiqamətində ciddi addımlar atılır, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilir.

“Qanunvericilik hazırlanarkən eksperiment aparmaq düzgün deyil. Dəyişikliklər uzunmüddətli və əsaslandırılmış şəkildə həyata keçirilməlidir. Avropa qanunvericiliyinə uyğunlaşmaq üçün hələ xeyli irəliləməyimiz lazımdır. Əsas məsələ prinsiplərin formalaşdırılması və bütün qərarların bu prinsiplərə əsaslanmasıdır”, – deyə Elşən Həsənov vurğulayıb.

O, həmçinin qeyd edib ki, Qarabağ bölgəsinə göndərilən kadrların peşəkar təcrübəsi də xüsusi önəm daşıyır:

“Biz elə mütəxəssislərin bölgələrdə çalışmasını istəyirik ki, onların 20 illik təcrübəsi olsun. Bu, həm xidmət keyfiyyətinə, həm də sistemin davamlı inkişafına müsbət təsir göstərəcək”.

Seçilən
9
qht.az

1Mənbələr