BAKI, 29 oktyabr. TELEQRAF
“Azərbaycan və Ermənistan arasında bütün məsələlər üzrə intensiv danışıqlar gedir”.
Teleqraf xəbər verir ki, bunu oktyabrın 29-da parlamentdə jurnalistlərlə söhbətində Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan Azərbaycanla aparılan müzakirələrdən danışarkən deyib.
“Bu təmaslar çox müxtəlif məsələlərə aiddir. Məsələn, sərhədlərin delimitasiya və demarkasiya gündəliyi üzrə cənab Qriqoryan işləyir, Xarici İşlər Nazirliyi öz gündəliyi ilə məşğuldur, Təhlükəsizlik Şurası və ya Armen Qriqoryan da öz həmkarı ilə işləyir. Nəticələr əldə olunduqda onların haqqında danışırıq və hesab edirəm ki, Ermənistan-Azərbaycan prosesi və münasibətlərində mövcud dinamika pis deyil.
Məsələn, Azərbaycan tərəfindən Ermənistan yüklərinin daşınmasına tətbiq olunan məhdudiyyətlərin aradan qaldırılması buna bir nümunədir”, - o bildirib.
Təmaslarda Zəngəzur dəhlizi və ya Qərbi Azərbaycan kimi mövzuların müzakirə olunub-olunmadığı barədə suala Arutyunyan belə cavab verib:
“Siz ümumiyyətlə bu mövzulardan yorulmadınızmı? Həm də biz öz fikrimizi bildirmişik, həm də onlar. İmzalanmış sənədlər var, həmin sənədlərdə çox aydın terminlər, toponimlər, adlar mövcuddur. Niyə siz daim artıq gərginlik yaradırsınız?”.
Sülh sazişinin imzalanmasına gəlincə, o vurğulayıb ki, bu məsələ ikitərəfli təmaslarda daimi gündəlikdədir və tərəflər ümumi mövqelər tapmağa çalışmalıdırlar ki, sənəd mümkün qədər tez imzalansın.