AZ

Ermənistanın sülh jesti: Paşinyanın dəvətinin arxasında nə dayanır? – Politoloq ŞƏRH EDİR

Ermənistan rəhbərliyinin Azərbaycan və Türkiyə prezidentlərini gələn il İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin VIII sammitinə dəvət etməsi regionda sülh prosesinin istiqaməti ilə bağlı yeni müzakirələrə səbəb olub. Analitiklərə görə, bu addım təkcə diplomatik jest deyil, həm də Ermənistanın daxili siyasi maraqları ilə sıx bağlıdır.

Politoloq Fəqani Məhərrəmli Editor.az-a açıqlamasında bildirib ki, Ermənistanın bu addımı həm simvolik, həm də siyasi baxımdan əhəmiyyətli hadisə kimi qiymətləndirilə bilər:

“Dəvət hələlik şifahi olsa da, yaxın zamanda rəsmi təsdiqlənəcəyi gözlənilir. 8 avqustda Ağ Evdə sülh müqaviləsinin paraflanması faktı sülhün çox da uzaqda olmadığını göstərdi. Bundan sonra kommunikasiyaların açılması, diplomatik münasibətlərin qurulması və digər məsələlərin həlli gündəmdə olacaq. Ermənistan rəhbərliyi iqtisadi və siyasi təzyiqlərin artdığı bir dövrdə Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmaqla həm beynəlxalq imicini möhkəmləndirməyə, həm də qarşıdakı parlament seçkiləri öncəsi daxili auditoriyaya müsbət mesajlar verməyə çalışır”.

“Son günlər Ermənistan mediasında seçkilərin vaxtından əvvəl keçiriləcəyi barədə xəbərlər yayılıb. Nikol Paşinyan bu prosesi öz xeyrinə yönəltmək və əlverişli siyasi mühitdə seçkilərə getmək istəyir”, – ekspert vurğulayıb.

Fəqani Məhərrəmlinin fikrincə, Ermənistan cəmiyyətində artıq Azərbaycan və Türkiyə ilə münasibətlərin qurulması prioritet məsələyə çevrilməkdədir:

“Ermənistan illərlə Kilsənin və ‘Qarabağ klanı’nın təsiri altında yaşayıb. İndi isə Paşinyan bu qüvvələri siyasi səhnədən sıxışdırmaq niyyətindədir. Belə bir şəraitdə Azərbaycan və Türkiyə liderləri ilə eyni platformada görünmək Paşinyan üçün əlavə siyasi dividendlər qazandıra bilər”.

Politoloq hesab edir ki, Ermənistanın bu dəvəti həm də daxili auditoriyaya ünvanlanmış siyasi mesaj xarakteri daşıyır: “Dəvətin hökumət səviyyəsində qəbul olunma ehtimalı yüksəkdir. Hətta liderlər iştirak etməsə belə, rəsmi nümayəndə heyətlərinin sammitdə iştirakı mümkün görünür”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
43
editor.az

1Mənbələr