Bu gün ölkəmizdə işgüzar səfərdə olan Belarus Respublikasının səhiyyə nazirinin müavini Aleksandr Starovoytov Azərbaycan Tibb Universitetini (ATU) ziyarət edib.
APA xəbər verir ki, ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonağı salamlayaraq Azərbaycanın səhiyyə sistemi, tibb təhsilində son illərdə həyata keçirilən yeniliklər və islahatlar, xüsusilə rezidentura təhsil pilləsi haqqında ətraflı məlumat verib.
Professor G. Gəraybəyli görüş zamanı ATU-nun fakültələri, tədris olunan ixtisaslar, klinik bazalar və beynəlxalq mübadilə proqramları barədə geniş məlumat təqdim edib. O, həmçinin Belarusun tibb universitetləri ilə ATU arasında mövcud əməkdaşlıq müqavilələri və birgə layihələr haqqında danışıb.
Belarusun səhiyyə nazirinin müavini Aleksandr Starovoytov Azərbaycanda olmağından məmnunluğunu ifadə edib və səfərinin məqsədləri barədə məlumat verib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti, Belarusun səhiyyə sistemi və tibb təhsili strukturu haqqında da ətraflı danışıb. Qonaq ATU-nun fəaliyyəti ilə tanış olaraq universitetin əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib.
Azərbaycan Respublikasının səhiyyə nazirinin müavini, dosent Nadir Zeynalov görüşdə iki ölkə arasında dövlət səviyyəsində mövcud olan dostluq və əməkdaşlıq münasibətlərini xüsusi vurğulayıb. O bildirib ki, Azərbaycan və Belarus arasında elmi əməkdaşlıq ildən-ilə genişlənir və bu proses səhiyyə sahəsində bilik və təcrübə mübadiləsinə mühüm töhfə verir.
ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq Əlaqələr şöbəsinin müdiri, dosent Törə Sadıqovanın iştirak etdiyi görüşdə, tərəflər gələcək əməkdaşlığın perspektivləri, tibb kadrlarının hazırlanması prosesinin təkmilləşdirilməsi üzrə əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.