AZ

Cəbrayılın Horovlu kəndində 334 yeni ev, məktəb və uşaq bağçası inşa edilib

CƏBRAYIL, 29 oktyabr. TELEQRAF

Media nümayəndələri Prezidenti İlham Əliyev oktyabrın 28-də açılışını etdiyi Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsində olub.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, media nümayəndələrinə Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyƏ Rzayeva məlumat verərək bildirib ki, ümumi sahəsi 248 hektar olan Horovlu kəndində 334 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi – su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Evlərin üzərində Qarabağ xalçalarının ornamentləri həkk edilib. Kənddaxili yollara asfalt döşənib.

İ.Rzayeva həmçinin qeyd edib ki, bu mərhələdə 94 hektar ərazidə 334 fərdi evin, 624 şagird yerlik məktəb binasının, 220 yerlik körpələr evi-uşaq bağçasının, ikimərtəbəli inzibati binanın, bazar kompleksinin, çoxfunksiyalı iaşə obyektlərinin, tibb məntəqəsinin və idman-sağlamlıq mərkəzinin tikintisi həyata keçirilib.

Kənddə tarixən istifadə olunmuş, işğal dövründə dağıdılmış “Əsgər”, “Şığı”, “Orta”, “Gülqasım” və “Xəlifə” kəhrizləri bərpa edilib. Horovlunun su təminatının bir hissəsi məhz bu kəhrizlər hesabına təmin olunacaq.

Horovlu kəndində 4,4 hektar ərazidə park kompleksi də inşa olunub. Burada uşaqlar üçün oyun zonası, idman sahəsi, basketbol meydançası, masaüstü oyunlar üçün zona, söhbətgahlar yaradılıb. Eyni zamanda, Bayraq meydanından bazar kompleksinə qədər gəzinti yolları salınıb. 3,1 hektar yaşıllıq ərazisində zeytun, çinar və Eldar şamı ağacları əkilib. Torpaq işləri zamanı aşkarlanmış təbii qayalar parka daşınaraq landşaft dizaynının bir hissəsi kimi istifadə olunub. Ərazidə “Əsgər” kəhrizinin su anbarı əsaslı təmir edilib, dekorativ landşaft yaradılıb. Həmçinin parkın ərazisində işğal zamanı dağıdılmış 4 bina tarixi yaddaşın qorunması, həmin dövrün izlərini və reallıqlarını gələcək nəsillərə çatdırmaq üçün əyani sübut kimi saxlanılıb.

Xatırladaq ki, Horovlu kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusu kəndi işğaldan azad edib.

Bu kəndin təməlini Prezident İlham Əliyev 2023-cü ilin mayında qoyub. Dövlətimizin başçısı və birinci xanım Mehriban Əliyeva ötən ilin oktyabrında Horovluda fərdi evlərin və sosial obyektlərin tikintisi ilə tanış olublar.

Seçilən
33
teleqraf.com

1Mənbələr