AZ

Qazi: Azad olunmuş torpaqlara ayaq basanda keçirdiyim qürur hisslərini heç nə əvəz edə bilməz

Ağdam, 29 oktyabr, AZƏRTAC

Döyüşlərdə ancaq irəli getməyi, işğaldan olan torpaqları azad etməyi, Xocalı soyqırımı qurbanlarının və digər şəhidlərimizin qisasını almağı düşünürdük. Şükür ki, bu istəyimizə nail olduq, torpaqlarımızı işğaldan azad etdik.

AZƏRTAC xəbər verir ki, bunu Ağdam rayonundan olan Vətən müharibəsi qazisi Nadir Qarayev deyib.

Nadir bildirib ki, Ağdam rayonunun Rzalar kəndində doğulub böyüyüb. Digər keçmiş təmas xəttinə yaxın məsafədə yerləşən kəndlər kimi, Rzalar da daim Ermənistan silahlı qüvvələrinin təxribatları ilə üzləşib: “Bizim rayonun bir hissəsi 30 il işğalda idi. Yaşadığım kənd qoşunların təmas xəttində yerləşirdi. 2016-cı ilin Aprel döyüşləri zamanı da, 44 günlük Vətən müharibəsi dövründə də düşmən bizim kəndimizi artilleriya atəşinə tutmuşdu. Bütün bunlar məndə düşmənə olan nifrət hissini daha da artırmışdı”.

44 günlük Vətən müharibəsi başlayanda 5 ayın əsgəri olan Nadir Qarayev minaatan batareyasında baş tuşlayıcısı kimi döyüşlərdə iştirak edib.

“İlk döyüşlərimiz Füzuli istiqamətində oldu. Düşmənin postlarını və hərbi texnikasını məhv edirdik. Bizim qoşunlar irəliləyirdi. Qoşunlarımız irəlilədikcə biz də qabağa gedirdik. İrəli getdikcə məhv etdiyimiz düşmənin postlarını, texnikasını görür, daha da ruhlanırdıq. Hamımızda böyük ruh yüksəkliyi var idi. Azad olunmuş torpaqlara ayaq basanda keçirdiyim qürur hisslərini heç nə əvəz edə bilməz. Cəbrayıl istiqamətində düşmənin minaatan atəşi nəticəsində yaralandım. Kəllə-beyin travması alıb, iki gün komada qalmışam. Hospitalda müalicə olduqdan sonra yenidən döyüşlərə qayıtdım. Füzuli və Cəbrayıldan sonra Xocavənd, Şuşanın azad olunmasında iştirak etdim. Vətən müharibəsində iştirak etdiyim üçün qürurluyam”, - deyə Nadir Qarayev bildirib.

Qeyd edək ki, Nadir Qarayev Prezidentin sərəncamları ilə "Füzulinin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Seçilən
20
1
azertag.az

2Mənbələr