AZ

Suriya və İsrail arasında tarixi razılaşma: Barışıq sazişinin detalları açıqlandı

BAKI, 29 oktyabr. TELEQRAF

İsrail və Suriya arasında danışıqlar davam edir və aylardır gedən diplomatik səylərdən sonra Cənubi Suriyada gərginlik fonunda yekunlaşmağa yaxınlaşır.

Teleqraf xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadla məlumat yayıb.

Mənbənin yazdığına görə, İsrail ABŞ və Suriyaya bildirib ki, Suriyanın parçalanması çağırışlarını dəstəkləmir. İsrail, həmçinin, ABŞ-ni əmin edib ki, suriyalı druzların lideri Hikmət əl-Hicri və ya Süveyda bölgəsində heç bir digər şəxsi dəstəkləmir.

Məlumatda bildirilib ki, İsraildən Süveydaya humanitar dəhliz açılması ideyası hazırda nəzərdən keçirilmir, çünki bu dəhlizin ABŞ-ın planına əsasən Dəməşq vasitəsilə keçməsi nəzərdə tutulur.

İsrail və Suriya arasında təhlükəsizlik sazişi bağlamaq cəhdləri daha əvvəl uğursuzluğa düçar olub. İsrailin Süveyda üçün humanitar dəhliz açılmasına icazə verilməsi tələbi buna mane olub.

Yeni saziş, mənbənin bildirdiyinə görə, müəyyən dəyişikliklərlə 1974-cü il razılaşmasını xatırladır və bəzi ərazilərdə, o cümlədən Harmon dağında İsrail-Suriya-ABŞ birgə hərbi mövcudluğunu nəzərdə tutur.

Suriya hökuməti də ABŞ-yə söz verib ki, druz icmasına zərər vurmayacaq və Süveydanı lazımi ərzaq, iş yerləri və əməkhaqları ilə təmin edəcək.

Eyni zamanda, mənbənin məlumatına görə, ABŞ İsraili xəbərdar edib ki, Cənubi Suriya məsələsi və yeni Suriya hökuməti ilə münasibətlərini gələn ilin əvvəlinədək düzəltməlidir.

Razılaşmaya əsasən, Suriya-ABŞ-İsrail birgə təhlükəsizlik komitəsi yaradılacaq. Komitə iki ölkə sərhədində baş verən hadisələri izləmək üçün fəaliyyət göstərəcək.

Seçilən
10
teleqraf.com

1Mənbələr