İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva Bakıda keçirilən XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində çıxış edib.
Samirə Musayeva çıxış zamanı bildirib ki, gələn il yanvarın 1-dən Avropa İttifaqı (Aİ) tərəfindən elan olunmuş sərhəddə karbon ticarət tənzimlənməsi, yəni CBAM (Carbon Border Adjustment Mechanism) işə düşür. Yeni mexanizmə əsasən, Aİ-yə idxal olunacaq 6 qrup məhsullara sərhəddə karbon qiymətləri tətbiq olunacaq. Bu, həmin məhsulların istehsal olunduğu ölkədə istehsal zamanı emissiya olunan karbon vahidlərinə karbon qiymətinin tətbiqindən asılı olacaq. S.Musayeva bildirib ki, yerli biznesin bu cür təsirlərdən qorunması üçün İqtisadiyyat Nazirliyində işçi qrup yaradılıb. Hazırda işçi qrup səviyyəsində bu məhsulların Aİ-yə ixracı zamanı tətbiq olunan qiymət siyasətinin yerli biznesin rəqabət qabiliyyətinə təsirinin ölçülməsi istiqamətində aidiyyəti işlər aparılır.
DVX-nin rəis müavini qeyd edib ki, ilkin hesablamalara əsasən, Azərbaycanın bütün ixracında Avropa İttifaqına ixrac olunacaq "karbon vergisi"nin təsiri altına düşən məhsulların ixracının həcmi 0,4 %-dir. Nəticədə, Avropa İttifaqında yeni qəbul edilən sadələşdirilmə mexanizmləri nəzərə alınsa, ümumiyyətlə, bu təsirlər kifayət qədər az olacaq.
DVX-nin rəis müavini vurğulayıb ki, ölkəmizin CBAM-a keçidi aqressiv deyil, mərhələli şəkildə təmin olunmalı, ilk növbədə, bizneslərin enerji səmərəlilik planları hazırlanmalı və tətbiq edilməlidir. İstehlak və istifadə edilən enerjinin bərpa olunan enerji mənbələri hesabına alınması üçün planlar müəyyənləşdirilməli və daxildə istehsal prosesində emissiya olunan karbon qazlarının ölçülməsi sistemi yaradılmalıdır. S.Musayeva bildirib ki, bununla bağlı həm qanunvericilik, həm institusional çərçivə hazırlanmalı, emissiyaların ölçülməsi, hesabatlıq sistemi yaradılmalıdır. Bundan başqa, bizneslə bu proseslərin düzgün kommunikasiyası həyata keçirilməlidir. Emissiyanın ölçülməsi mümkün olduqdan sonra istehsal prosesi zamanı atmosferə buraxılan istixana qazlarının həcmlərinə görə hansısa qiymət siyasəti müəyyənləşdirilə bilər.
Dövlətin bu prosesdə gözləntisi biznesin üzərinə əlavə yük qoymaqla onun fiskal öhdəliklərini artırmaq deyil, dayanıqlı, orta və uzunmüddətli iqtisadi inkişafa nail olmaq üçün bizneslərin ortamüddətli baxışlarına bu cür qiymətqoyma siyasəti ilə təsir etməkdir. Beynəlxalq təcrübə göstərir ki, bu proseslərdə həm dövlət, həm sahibkarlar, həm də beynəlxalq təşkilatlar bir qayda olaraq birlikdə çalışırlar.
S.Musayeva iqlim dəyişikliklərinin və atmosferə atılan istixana qazlarının ölkələrin iqtisadi və ərzaq təhlükəsizliyinə, həmçinin sənayenin uzunmüddətli dayanıqlı inkişafına ciddi təhdidlər yaratması barədə fikirlərini də bildirib.
 
                         
  
 