Günümüzdə ikinci bakalavr təhsilinə marağın artması cəmiyyətin təhsil səviyyəsinin yüksəlməsi, əmək bazarının dinamikliyi və insanların fərdi inkişaf motivasiyalarının güclənməsi ilə bağlıdır. Bu meyil həm iqtisadi, həm də sosial baxımdan təbiidir, çünki müasir dövrdə bir ixtisas üzrə bilik artıq ömürlük təminat deyil.
Bu fikirləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov söyləyib.
Müsahibimiz qeyd edib ki, ikinci ali təhsil almaq fərdi inkişaf və peşə çevikliyi baxımından çox müsbət addımdır:
"Qlobal rəqabət və texnoloji yeniliklər insanların daim yenidən öyrənməsini zəruri edir. Lakin ikinci ali təhsil almaq qərarı ciddi düşünülməli, məqsəd və gələcək planlarla uzlaşdırılmalıdır.
Əmək bazarı baxımından təhlil etdikdə görürük ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Azərbaycanda son 10 ildə iqtisadiyyatın strukturunda xidmət və informasiya texnologiyaları sektorunun payı 2,3 dəfə artıb. Bu, artıq bir çox humanitar və ya texniki ixtisas sahiblərinin yeni istiqamətlərə yönəlməsini aktuallaşdırır. Məsələn, hüquq, pedaqogika və ya iqtisadiyyat ixtisası üzrə təhsil almış şəxslərin sonradan informasiya texnologiyaları, rəqəmsal idarəetmə, təhsil menecmenti və ya psixologiya üzrə ikinci bakalavr seçməsi əmək bazarının tələblərinə cavab vermək baxımından daha məqsədəuyğundur.
Qanunvericilik də bu sahədə müəyyən çərçivə yaradır. “Təhsil haqqında” Qanunun 15.3-cü maddəsinə əsasən, ali təhsil müəssisələrində ikinci ixtisas üzrə təhsil almaq yalnız fərdi müqavilə əsasında, yəni dövlət sifarişi olmadan həyata keçirilə bilər. Bu isə o deməkdir ki, ikinci təhsil həm maddi baxımdan, həm də vaxt baxımından ciddi öhdəlik tələb edir. Buna görə də, seçim yalnız “diplom almaq” məqsədilə deyil, bilik və bacarıqları real dəyərə çevirmək məqsədi ilə edilməlidir".
İkinci ali təhsilin əsas məqsədi ilkin ixtisası tamamilə əvəzləmək deyil, onu tamamlayan və fərdin peşə çevikliyini artıran yeni istiqamət qazandırmaqdır:
"Məsələn, mühəndislik təhsili olan birinin biznes idarəçiliyi oxuması, hüquqşünasın İT hüququ üzrə ikinci bakalavr seçməsi və ya müəllimin psixologiya sahəsinə yönəlməsi sinerji effekti yaradır. Bu, həm əmək bazarında rəqabət üstünlüyü qazandırır, həm də şəxsi inkişafı dərinləşdirir.
Dünya təcrübəsi də göstərir ki, ikinci ali təhsil çox zaman karyera transformasiyası məqsədilə seçilir. ABŞ-da ikinci bakalavr oxuyanların 58 faizi sahə dəyişiklikləri üçün bu addımı atır, Avropa ölkələrində isə bu göstərici 42 faizdir. Finlandiyada və Niderlandda ikinci təhsili seçənlər üçün universitetlər “flexible learning” – yəni qısaldılmış və çevik proqramlar təklif edir ki, bu da artıq təcrübəsi olan fərdlərin vaxt itirmədən yeni ixtisasa yiyələnməsinə imkan yaradır.
Azərbaycanda bu modelin formalaşması mərhələsində olsa da, bir sıra universitetlər xüsusilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, ADA və Azərbaycan Dövlət Pedaqoji Universiteti ikinci təhsil proqramlarında çevik modullar tətbiq edir. Bu, Elm və Təhsil Nazirliyinin təhsildə lifelong learning (ömürboyu öyrənmə) strategiyasına uyğun addımdır."
Əgər seçimdən danışırıqsa, ikinci bakalavr təhsili almaq istəyən şəxs ilk növbədə üç əsas meyarı nəzərə almalıdır:
– əmək bazarının real tələbi (yəni hansı sahələrdə kadr çatışmazlığı var),
– şəxsi maraq və qabiliyyət,
– mövcud bilik və bacarıqların yeni ixtisasla sintez imkanı.
"Hazırda Azərbaycan əmək bazarında ən çox tələbat informasiya texnologiyaları, logistika, təhsil menecmenti, maliyyə analitikası, psixologiya və kommunikasiya ixtisaslarına yönəlib. Dövlət Məşğulluq Agentliyinin 2024-cü il hesabatına görə, ən çox boş iş yerləri bu istiqamətlərdə qeydə alınıb. Bu isə ikinci təhsil seçimində yönləndirici göstərici olmalıdır.
Hesab edirəm ki, ikinci ali təhsil almaq fərdi inkişaf və peşə çevikliyi baxımından çox müsbət addımdır. Amma bu qərar düşünülmüş, məqsədyönlü və bazar reallığına uyğun olmalıdır. İkinci bakalavr proqramları yalnız yeni diplom deyil, yeni düşüncə tərzi, yeni bacarıq və yeni perspektiv deməkdir. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə ali məktəblərə verdiyi akademik muxtariyyət və proqram çevikliyi, ölkədə ömürboyu öyrənmə mədəniyyətinin formalaşması baxımından müsbət və strateji əhəmiyyətli addımdır".