BAKI, 29 oktyabr. TELEQRAF
2018-ci ildə Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümündə Ankarada idim. Professor Ədalət Tahirzadə ilə birlikdə Stokholmdan qayıtmış, Ankaradakı tədbirə qatılmışdıq. Xoşbəxtlikdən həmin günü Cümhuriyyətin qurucusu Məhəmmədəmin Rəsulzadənin məzarı önündə qeyd etmişdik. Tarixi gündü. Qürurlu idik. Ona görə ki ötən əsrdəki ən böyük nailiyyətlərdən birini millətimiz həyata keçirmişdi. Şərqli qılafından çıxmış modernizmin simgəsi olan qərbli libasına keçmişdik. Amma eyni zamanda türkləşmək və islamlaşmaq libasımızı da qorumuşduq. Çağdaşlıq, inkişaf üçün təməl qaydaları mükəmməl bilən liderlərə malikdik. Rusiyanın mühüm universitetlərindən təhsil alan həmin liderlərə öyrənmənin, biliyin necə əhəmiyyətli olduğu bəlli idi. İki il ərzində universitet açdıq, xaricdə təhsil almaq üçün yüz tələbə göndərdik. Dövlət işlərinə də təhsilli və milli vətəndaşlar cəlb edildi. 90 il ərzində müstəmləkə altında yaşasaq da, bəlli oldu ki, millətimizin ABŞ prezidenti Vilsonla eyni masada əyləşəcək intellektual gücə sahib diplomatı var. Osmanlı sultanını Bakını azad etməyə vadar edəcək siyasiləri var. Müsəlman Şərqində bir parlament yaradacaq qədər təcrübəsi, təmsilçiləri var. Baxmayaraq ki vətəndaşı çar dövründə əsgərlik xidmətinə götürülmürdü, amma qısa zamanda bir ordu quracaq qədər potensialı var.
Hökumət qısa zamanda məktəbləri milliləşdirdi, ölkədə yaşayan etnik azlıqların da hüquqları üçün bütün addımları atdı. Xarici ölkələrdə təmsilçiliklər quruldu, sahibkarların hüquqları bərpa edildi. Dövlət rəmzləri yaradıldı, mətbuat haqqında qanunla fikir azadlığı təmin edildi. Cümhuriyyət birinci mərhələsində 23 ay yaşasa da, 1991-ci ildə müstəqilliyin bərpası ilə əbədi dönəmə qədəm qoydu.
1923-cü ildə Azərbaycan və bütün Türk dünyası işğal altında olsa da, Anadoluda yeni bir bayraqdar ortaya çıxmışdı. Osmanlının Birinci Dünya müharibəsində məğlub olması nəticəsində Fatehin böyük hərbi qabiliyyətlə fəth etdiyi İstanbul şəhəri də ingilis istilası altında idi. Sultan hökuməti oyuncağa çevrilmiş, dünənə qədər imperiyada yaşayan xalqlar üsyan bayrağını qaldırmışdı. Amma yenə də bir ümid işığı közərməkdə idi. 19 may 1919-cu ildə Mustafa Kamal paşanın Samsun şəhərinə gəlməsi ilə közərən bu işıq qısa zamanda Ərzurum, Sivas qurultayları ilə daha da alovlanmışdı.
Ergenekondançıxışın yeni ünvanı Ankara idi. 23 aprel 1920-ci ildə bu şəhərdə Türkiyə Böyük Millət Məclisi toplandı. Hədəf küllərindən yenidən doğmaq, işğala son vermək, türkün müqəddəratını həll etməkdi. Komandan bəlli, millətin təmsilçiləri bəlli idi. Qadın, kişi hər kəs milli mücadiləyəhazırdı. Sadəcə ölmək qalırdı ki, inanmış bir xalq bunu da gözə almışdı.
Zəfərlər ard-arda gəldi, işğalçılar gəldikləri kimi geri döndülər. Bir zamanlar türkün gücünü Avropaya həzm etdirmiş Sultan bu dəfə həmin Avropaya sığınmaq məcburiyyətində qaldı. Yenidən doğmuş bir Türkiyə vardı.
1921-ci ilin 6-10 yanvar tarixində I İnönü, 23 mart-1 apreldə isə II İnönü zəfəri əldə edildi. Müharibənin taleyini isə 23 avqust-13 sentyabr 1921-ci ildə baş tutmuş Sakarya meydan müharibəsi və 26 avqust-9 sentyabrdakı Böyük təərrüz həll etdi. Sentyabrın 9-da İzmir işğaldan azad olundu.
Cəbhədə uğur qazanan Mustafa Kamal paşanın kadrosu diplomatik sahədə də arda-arda nailiyyətlərə imza atdı. 1921-ci ildə Rusiya ilə Moskva, Fransa ilə Ankara müqaviləsi imzalandı. 11 oktyabr 1922-ci ildə Mudanya sülhü ilə Lozannaya gedən yol açıldı. 24 iyul 1923-cü ildə isə Lozanna müqaviləsinin imzalanması ilə Türkiyə öz varlığını qorumuş oldu.
Milli mücadilədönəmində hüquqi cəbhədə də islahatlar başladı. 1921-ci ildə Təşkilati-əsasiyyə qanunu qəbul edildi. Bu, yeni cümhuriyyətin ilk konstitusiyası idi. 1922-ci ilin noyabrında səltənət ləğv edildi, bununla da Osmanlı tamamilə tarixə qovuşdu. 29 oktyabrda isə Cümhuriyyətin əsası qoyuldu.
Cəbhədə, diplomatik masada qələbə qazanan Mustafa Kamal paşa islahatlar mərhələsinə qədəm qoydu. Şəriət məhkəmələri, xilafət məqamı ləğv edildi. Avropada sınaqdan keçmiş hüquqi modellər qəbul olundu. Türk Dil Qurumu, Türk Tarix Qurumu, Xalq Evləri kimi xalqın maariflənməsinə, eləcə də elmin inkişafına səbəb olan təsisatlar formalaşdırıldı. Yurdda sülh, cahanda sülh modeli əsasında bir respublika ənənəsi yaradıldı ki, bu model Türkiyəni II Dünya müharibəsinə qatılmaqdan xilas etdi.
Beş il ərzində iki cümhuriyyət quran türk milləti yüz ildən sonra da Şuşa Bəyannaməsi ilə çiyin-çiyinə bir yol xəritəsi ilə hərəkət etməkdədir. 102 il öncə qurulan Türkiyənin mövcudluğu əbədi olsun.