AZ

“Ermənistanın Konstitusiya spekulyasiyaları sülh prosesinə mane olur” POLİTOLOQ

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ötən gün Ermənistan xarici işlər naziri Ararat Mirzoyan brifinqdə bildirib ki, Azərbaycanın sülh sazişinin imzalanması üçün Konstitusiyanı dəyişmək şərti Ermənistan üçün qəbuledilməzdir.

“Onların bu sazişi imzalamaq üçün konkret bir şərti var, bu yanaşmanı bölüşmürük. Biz deyirik ki, sülh artıq mövcuddur, minlərlə məsələ üzrə razılığa gələ bilərik, amma bu məsələ üzrə yox. Onlar deyirlər ki, bizim Konstitusiyamızda problem var, biz isə deyirik ki, belə bir problem yoxdur. Burada qarşılıqlı anlaşma yoxdur”, – Mirzoyan vurğulayıb.

Görəsən, belə bir vəziyyətdə Ermənistanda Konstitusiya dəyişikliyi olmaya bilərmi?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib ki, Ermənistan tərəfi, ölkəyə rəhbərlik edən şəxslər, indiki rəhbərlik də öz sələflərinə uyğun olaraq spekulyasiya siyasətini həmişə aktuallaşdırırlar:

“Bugün bir neçə məsələdə, o cümlədən konstitusiya dəyişiklikləri və ya yeni konstitusiyanın qəbul edilməsi ilə bağlı, onların spekulyativ addımlarının şahidi oluruq.

Niyə mən bunu belə adlandırıram? İlk öncə, burada söhbət Ermənistan Konstitusiyasındakı faktiki dəyişikliklərdən getmir. Ermənistanın baş naziri və ölkəyə rəhbərlik edən şəxs həm daxildə, həm də beynəlxalq platformalarda danışarkən, fikirlərində sülh prosesindən bəhs edərkən hazırkı konstitusiyanın yeni reallıqlara və Azərbaycanla sülh prosesinə uyğun gəlmədiyini bildirir.

Əgər bu məntiqlə çıxış etsək, yeni reallıqlar və Azərbaycanla münasibətlərin normallaşmasına, eləcə də sülh prosesinə mane ola biləcək maddələr hansılar ola bilər? Təbii ki, burada Azərbaycana qarşı hər hansı bir fikir və ya məzmunu ehtiva edən müddəalar ola bilər”.

Xəyal Bəşirov vurğulayıb ki, Ermənistanın daxilində bələdiyyələrlə, məhkəmə hakimiyyəti ilə və ya digər məsələlərlə bağlı hər hansı müddəanın indiki mətndə və ya fərqli mətndə olması Ermənistan-Azərbaycan münasibətlərinə heç bir şəkildə təsir göstərə bilməz:

“Azərbaycan və Ermənistan arasında sülh prosesinə və indiki Cənubi Qafqazın yeni reallıqlarına zidd ola biləcək müddəalar yalnız başqa bir dövlətə, yəni Azərbaycana qarşı yönəlmiş, Azərbaycanla münasibətlərin normallaşdırılmasını əngəlləyən ərazi iddiaları ola bilər. Həmin ərazi iddiaları ilə bağlı Azərbaycanın mövqeyi isə açıq və bəllidir.

Yəni, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının olması — konkret desək, Azərbaycanın Qarabağ bölgəsinin Ermənistana birləşdirilməsi ilə bağlı Preambula hissəsindəki Ermənistan Müstəqilliyi haqqında bəyannaməyə istinad — Azərbaycanla Ermənistan arasında münasibətlərin dayanıqlı şəkildə normallaşdırılmasını, dayanıqlı sülhün əldə edilməsini və Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin bərqərar olmasını birmənalı şəkildə istisna edir.

Bu, məntiqi bir əlaqələndirmədir, eyni zamanda biz yalnız məntiqə istinad etmirik. Həm də Ermənistanın rəhbəri Nikol Paşinyanın zaman-zaman səsləndirdiyi fikirlərə əsaslanırıq.

Amma yenə də qeyd etdiyim kimi, spekulyativ addımların şahidi oluruq. Ermənistan Baş naziri bir fikri səsləndirir, Xarici İşlər naziri tamam fərqli fikri, Müdafiə naziri ondan da fərqli mövqeyi, Parlamentin sədri tam başqa bir fikri, Təhlükəsizlik Şurasının katibi isə öz növbəsində başqa bir yanaşma nümayiş etdirir”.

Politoloq qeyd edib ki, bütün bunlar Ermənistan dövlətində vahid idarəetmə mexanizmində ciddi çatların və problemlərin olduğunu göstərir.

“Təbii ki, bizi əsas maraqlandıran Ermənistan dövlətinə rəhbərlik edən Nikol Paşinyanın mövqeyidir. Biz onun mövqeyini əsas götürür və ona istinad edərək Ermənistanın atacağı addımlara qiymət veririk.

2021-ci ildə Ermənistan Baş naziri Konstitusiya İslahatları Şurası yaradıb və həmin şuraya Ermənistan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi tapşırığı verilib.

Daha sonra mahiyyət və məzmun dəyişdirilib və bununla bağlı biz Ermənistan rəhbərliyinin mövqeyini öyrənmişik. Yəni eşitmişik ki, Ermənistan dövləti ümumiyyətlə yeni Konstitusiya qəbul etmək istəyir. Hazırkı Konstitusiyaya əlavə və dəyişikliklər artıq Ermənistan cəmiyyətini və dövlətə rəhbərlik edən şəxsləri qane etmir, buna görə də onlar yeni Konstitusiyanın qəbul edilməsini zəruri hesab edirlər”-deyə Xəyal Bəşirov fikirlərini yekunlaşdırıb.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
icma.az

1Mənbələr