AZ

“Ermənistan yeni Konstitusiyaya Azərbaycanla bağlı ərazi iddialarını çıxarmasa, regionda sülhə hazır deyil” POLİTOLOQ

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ermənistanın ədliyyə naziri Srbui Qalyan bildirib ki, Konstitusiya Dəyişiklikləri üzrə Şurada hələlik Müstəqillik Bəyannaməsinə istinad və Konstitusiyanın birinci fəslinə dair məsələlər müzakirə olunmayıb.

Erməni nazir bu barədə jurnalistlərlə söhbətində məlumat verib.

Onun sözlərinə görə, Şuranın iclasları artıq daha tez-tez keçirilir və son iclasda bir neçə məsələ səsverməyə çıxarılıb, bəzi ifadələrin formulu müəyyənləşdirilib. Yaxın həftələrdə isə ictimaiyyətə Şuranın fəaliyyəti barədə məlumat vermək üçün maarifləndirici kampaniyaya başlanması planlaşdırılır.

Gununsesi.info-ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov mövzunu belə şərh edib.

“Ermənistanda yeni Konstitusiyanın qəbul edilməsi ilə bağlı Konstitusiya İslahatları Şurasının fəaliyyəti ölkə daxilində fərqli fikirlərin səslənməsinə səbəb ola bilər. Mən şəxsən Ararat Mirzoyanın zaman-zaman səsləndirdiyi bu fikirləri ölkə vətəndaşlarına, publikaya hesablanmış addım kimi qiymətləndirirəm.

Eyni zamanda, bu, Ermənistanın hazırkı Xarici İşlər Nazirinin fərqli niyyətlərə malik ola biləcəyindən xəbər verə bilər. Təəssüf ki, Ermənistan cəmiyyətində Azərbaycanla münasibətlərin normallaşdırılmasına və iki ölkə arasında sülh sazişinin imzalanmasına qarşı olan qüvvələr hələ də mövcuddur.

İndi ehtimal olunur ki, Ermənistanın Xarici İşlər Naziri bu vəziyyətdən istifadə edərək öz partiyasının və hökumətinin rəhbəri, dövlət başçısı Nikol Paşinyandan daha yaxın olduğu qüvvələrə özünü göstərməyə çalışır”-deyə politoloq əlavə edib.

Onun sözlərinə görə, əgər gələcəkdə vəziyyət gərginləşsə və ya hər hansı qarışıqlıq baş verərsə, o, indiki çıxışlarını əsas gətirərək özünü vəziyyətdən çıxarmağa çalışa bilər.

“Hətta ehtimal olunur ki, Paşinyanın qarşısında yaranacaq gərginlik zamanı həmin qüvvələrə yaxınlaşmaq niyyəti reallaşa bilər.

Başqa cür qiymətləndirmək mümkün deyil: bir ölkənin Xarici İşlər Naziri Baş nazirin səsləndirdiyi fikirlərə zidd mövqe nümayiş etdirirsə, burada mütləq problem var. Bu, ya həmin şəxsin hökumətdə olmaması gərəkdiyini, ya da onun başqa niyyətlərinin olduğunu göstərir. Eyni zamanda, əgər Paşinyan buna göz yumursa və ya şərait yaradırsa, bu, Ermənistan dövlətinin hazırkı rəhbərliyinin qeyri-səmimiliyindən xəbər verir.

Hər halda, mən hesab edirəm ki, Ermənistanda əsas məsələ yeni Konstitusiyanın qəbul edilməsidir, əlavə dəyişikliklər deyil. Bizim üçün vacib olan orada Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır. Əgər Ermənistan tərəfi bunu etməyəcəksə, deməli, regionda sülhə hazır deyil”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
icma.az

1Mənbələr