AZ

“Ulu Öndər Heydər Əliyevdən Müzəffər Ali Baş Komandan İlham Əliyevədək: Konstitusiya və suverenlik” elmi sessiya

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 29 oktyabr, AZƏRTAC

Oktyabrın 29-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda “Ulu Öndər Heydər Əliyevdən Müzəffər Ali Baş Komandan İlham Əliyevədək: Konstitusiya və suverenlik” mövzusunda elmi sessiya keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi sessiyada AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva 2024-cü il dekabrın 28-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edildiyini söyləyib. O, müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlandığını və 1995-ci il noyabrın 12-də qəbul olunduğunu vurğulayıb.

Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə müstəqilliyin çətin dövründə - ilk illərində xalqın tələbi ilə qayıtdığını deyən akademik G.Baxşəliyeva xalqımızın və dövlətçiliyimizin xilaskarının ölkədə təhlükəli proseslərin qarşısını aldığını, ictimai-siyasi sabitliyi təmin etdiyini və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yaratdığını bildirib. Məhz bu əsasda da qəbul olunan Konstitusiya ölkəmizdə qanunvericilik sahəsində islahatların əsasını qoyub.

Konstitusiyanın preambulasında bəyan edilən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunmasının 30 ilə yaxın torpaqlarımızın Ermənistan silahlı qüvvələrinin işğalı altında olması səbəbindən tam təmin edilməsinin mümkün olmadığını deyən akademik, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı erməni işğalından tam azad etdiyini və ölkəmizin ərazi bütövlüyünü, suverenliyini bərpa etdiyini, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin indi artıq respublikanın bütün ərazilərində bərqərar olduğunu bildirib.

Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri dosent Namiq Məmmədov “Azərbaycanın müstəqilliyindən suverenliyin möhkəmlənməsinə gedən çətin yol” mövzusunda məruzə edib. Məruzədə “suverenlik” sözünün lüğəvi mənasını izah etməklə başlayan N.Məmmədov daha sonra müstəqilliyin ilk illərində Azərbaycanda ümumi mənzərəni təsvir edərək, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ərəfəsində ölkədə yaranmış çətin vəziyyətdən söz açıb. Həmin dövrdə ölkədə daxili vəziyyətlə yanaşı xarici siyasətində də böyük problemlərin olduğunu deyən məruzəçi, Ümummilli Liderin bütün bu problemləri tədricən aradan qaldırdığını bildirib.

N.Məmmədov Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilidiyini deyərək, 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki Qələbə və 2023-cü ildə Qarabağda antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa edildiyini söyləyib.

İnstitutun aparıcı elmi işçisi dosent Gülər Qafqazlı elmi sessiyada “Suverenlik və Konstitusiyaya tarixi baxış” mövzusunda məruzə edib. O, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yarandığını, Azərbaycanın müstəqilliyinin dünyaya bəyan edildiyini vurğulayıb. Demokratik dövlətçiliyin ilk rüşeymlərinin məhz həmin dövrdən atıldığını qeyd edən məruzəçi, bu mərhələ barəsində Ümummilli Lider Heydər Əliyev sözlərin xatırladıb: “Azərbaycan Xalq Cümhuriyyəti az yaşayıbdır. Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının, suverenliyinin təməlini qoyubdur”.

G.Qafqazlı Azərbaycan Respublikasının daha sonra Sovet İttifaqının tərkibinə daxil edildiyini və müxtəlif illərdə dövlət konstitusiyasının bir neçə dəfə dəyişikliyə məruz qaldığını deyərək, nəhayət, Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonra yeni konstitusiyanın qəbul edildiyini və 44 günlük müharibədən sonra isə Azərbaycanın tam suverenliyini əldə etmək mümkün olduğunu qeyd edib.

Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev “Konstitusiya və Suverenlik İli: Azərbaycan dövlətçilik ənənələrinin tarixi və inkişafı” mövzusunda məruzə edib. O, ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin iki əsas hadisə - Azərbaycan Respublikasının Konstitusiyanın qəbul edilməsinin 30 illiyi və dövlət müstəqilliyinin bərpasının 34-cü ildönümü ilə bağlı olduğunu vurğulayıb: “Konstitusiya və Suverenlik İli”nin əhəmiyyəti Konstitusiyanın dövlət idarəçiliyindəki rolunun dərindən təhlil edilməsi, hüquqi əsasların möhkəmləndirilməsi, vətəndaş cəmiyyətinin gücləndirilməsi və ictimai şüurda bu dəyərlərin daha dərindən yerləşməsidir. Bu il ölkənin konstitusional və suveren dəyərlərini yenidən qiymətləndirmək, hüquqi dövlətin davamlı inkişafını təmin etmək üçün mühüm fürsət yaradır”.

Sonda məruzələr ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
26
azertag.az

1Mənbələr