“İnsultun əlamətləri müvafiq olaraq dəyişə bilər və bunlar beyində hansı damarda problem yarandığından asılıdır. Onu qeyd etmək vacibdir ki, adətən insultun əlamətləri qəfildən yaranır”.
“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin İnsult Xidməti layihəsinin rəhbəri, nevroloq, insult üzrə mütəxəssis Pərvin Allahyarova açıqlayıb.

O qeyd edib ki, insultun bir sıra əlamətləri var:
“Bədənin bir tərəfində qolda, ayaqda və ya üzdə keylik yarana bilər, görmənin pisləşməsi və ya hər iki gözdə görmə itkisi, müvazinət pozğunluğu, baş gicəllənməsi, danışığın pozulması, sözləri düzgün tələffüz edə bilməmək və ya qarşıdakı insanı anlamada çətinlik, üzün asimmetriyası, üzün bir tərəfinin düşməsi və ya gülümsəmədə qeyri-bərabərlik kimi hallar insultun ilkin əlamətləridir”.