AZ

Zaxarova: Onlar süni intellekt vasitəsilə dünyanı əsarət altına alırlar

BAKI, 29 oktyabr. TELEQRAF

“Süni intellekt (AI) və digər rəqəmsal texnologiyalar anqlosaksonların əlində dünyanın əsarət altına alınması üçün bir vasitəyə çevrilə bilər”.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Qlobal rəqəmsal platformalar, xüsusilə süni intellekt texnologiyaları, təəssüf ki, anqlosakson korporasiyalarının əlində cəmləşib. Coğrafiyada pis heç nə yoxdur, amma bir problem var: onlar hər bir resursu - əvvəllər qızılı, sonra neft-qazı, indi isə süni intellekt texnologiyalarını dünyanı əsarət altına almaq və onu yenidən koloniyalar və metropoliyalara bölmək vasitəsi kimi görürlər”, - diplomat vurğulayıb.

Zaxarova bildirib ki, yeni informasiya və texnoloji imkanlar insanları artıq fiziki deyil, mənəvi, əxlaqi və intellektual səviyyədə də əsarətə salmaq vasitəsinə çevrilə bilər:

“Bu texnologiyalara nəzarətin bir mərkəzdə cəmlənməsi anqlosakson ölkələrə təkcə saxta xəbərlər və təxribatlarla manipulyasiya etmək deyil, həm də insan şüurunu dərin səviyyədə yenidən proqramlaşdırmaq imkanı verir. Post-həqiqət dövründə artıq həqiqət obyektiv reallıq və faktlar deyil, süni intellekt modelinə yerləşdirilən məlumatlardır”.

Diplomat hesab edir ki, yaxın gələcəkdə süni intellekt hadisələr, dünya və tarix barədə əsas bilik mənbəyinə çevriləcək: “Qərbdən asılılıq artıq təkcə informasiya sahəsində deyil. Süni intellekt vasitəsilə proseslər, istehsalat və qərar qəbuletmənin avtomatlaşdırılması yeni tip neokolonializmin formalaşması və dövlətlər arasında bərabərsizliyin texnoloji səviyyədə möhkəmlənməsinə gətirib çıxara bilər”.

Seçilən
47
2
teleqraf.com

3Mənbələr