AZ

Qlobal güclərin təzyiqi artır: Region dövlətləri niyə təhlükəsizliyi birgə müzakirə edir?- ÖZƏL

"Novosti-Qruziya" agentliyinin məlumatına görə, Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) rəisi Mamuka Mdinaradze oktyabrın 25-26-da Tbilisidə Azərbaycan DTX rəisi Əli Nağıyev və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanla ayrı-ayrılıqda görüşlər keçirib.
Görüşlərdə əsas diqqət regional sabitliyin prioritetliyinə və təhlükəsizlik sahəsində məlumat mübadiləsinin intensivləşdirilməsinə yönəldilib.
Bu görüşlər hansı konkret təhlükəsizlik təhdidlərinə qarşı yönəlib? 
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlama verdi: 
" İndi həm Cənubi Qafqazda yaşanan gərginliklər, həm də ümumilikdə dünyada baş verən problemlərin miqyasının və kəmiyyətinin genişlənməsi fonunda artıq bütün dövlətlər, xüsusən də 2-3-cü dünya ölkələri öz milli təhlükəsizlik məsələlərini yenidən gözdən keçirmək məcburiyyətindədirlər. Bu məcburiyyət nədən doğur? Çünki onların hər biri üçün qlobal güclərin təsir imkanları baxımından yeni risklər yarana bilər, yeni problemlər ortaya çıxa bilər. Bunun da ən başında, təbii ki, təhlükəsizlik məsələləri gəlir. Bir dövlətin ən başlıca vəzifəsi və ən ümumi məqsədi öz xalqını, öz vətəndaşlarını hər növ təhlükələrdən uzaq tutmaq, onları qorumaqdan ibarətdir. Ona görə də Cənubi Qafqaz ölkələri - Azərbaycanda da, Ermənistanda da düşünürlər ki, Ukrayna müharibəsinin davam etdiyi bir reallıqda, eyni zamanda bu müharibənin bitməsi üçün atılan addımlar fonunda əgər müharibə bitərsə, Rusiya dövlətinin Cənubi Qafqaz siyasətində yenidən aktiv kursa keçməsi məsələsi ortaya çıxa bilər və bu da yeni təhlükəsizlik çağırışları yarada bilər. Çünki Rusiya hər zaman ya birbaşa hərbi müdaxilə ilə, ya da fərqli silahlı qrupların əli ilə və yaxud da ekstremist qruplar yaratmaqla dövlətlərin daxili işlərinə qarışmağı sevən və imperiya xüsusiyyətləri ilə hərəkət edən bir tərəfdir. Eyni zamanda regionda İranın təsirləri hələ də mövcuddur və davam edir. Bütün bu risklər onu göstərir ki, Cənubi Qafqaz ölkələri təhlükəsizlik tədbirlərini gücləndirməlidirlər. Azərbaycan, Gürcüstan və Ermənistan aşağı-yuxarı eyni ortaq problemləri bölüşürlər və bu problemlərin həllində də ortaq addımların atılması hər üç tərəf üçün məqbul hesab olunur. Gürcüstan tərəfi bunu yaxşı başa düşür və nəzərə alır ki, Azərbaycan və Ermənistan arasında hələ ki, münasibətlər tam bərpa olunmayıb. Ona görə də bu tərəflərin ortaq addımlar atmaq üçün ortaq məxrəcə gəlməsi və qərarların qəbul edilməsi prosesi bir az zaman ala bilər, ümumiyyətlə, baş tutmaya da bilər. Belə olan halda Gürcüstan burada "qızıl ortamı" tapmağa çalışır: həm Azərbaycan, həm Ermənistanla münasibətləri inkişaf etdirməklə Cənubi Qafqazda ümumi təhlükəsizlik mühitinin formalaşmasına səy göstərir. Eyni zamanda nəzərə almaq lazımdır ki, Gürcüstan üçün təhlükə təkcə Rusiya və ya İranın dini təsirləri ilə yekunlaşmır. Hazırkı iqtidarın balans siyasətinə keçməsi və Qərbə inteqrasiyanı əhəmiyyətli dərəcədə ləngitməsi faktı da var. Bu, onu deməyə əsas verir ki, Gürcüstan artıq Qərbdən də hər hansı pozucu addımlar ehtimal edir. Etirazlar, mitinqlər, hazırkı hakimiyyətə qarşı müəyyən çevriliş cəhdləri - bütün bunlar Gürcüstanın xarici siyasətində təhlükə kimi dəyərləndirilir və düşünülür ki, daxili siyasətdə təhlükəsizlik tədbirlərini daha da genişləndirmək lazımdır. Bu kontekstdə məlumat mübadiləsinin hər üç tərəf üçün daha effektiv olacağı düşünülür. Buna görə də Gürcüstan ayrı-ayrılıqda həm Azərbaycan, həm Ermənistanla görüşlər keçirir və ortaq addımların, ortaq qərarların qəbul olunması istiqamətində müəyyən fəaliyyətlər həyata keçirilir. Bəs bu tədbirlər faydalı ola bilərmi? Belə bir potensial varmı? Düşünürəm ki, əməkdaşlıq həmişə az da olsa, çox da olsa - fayda gətirir. Əgər tərəflər səmimi olarsa, məlumat mübadiləsi və ortaq addımların atılması məsələləri tam şəkildə işlənərsə və hər tərəf üzərinə götürdüyü (və ya artıq götürdüyü) məsuliyyətləri səmimi şəkildə yerinə yetirərsə, o halda müəyyən təhlükəsizlik arxitekturasının qurulmasında nəticələr əldə etmək mümkündür". 

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr