AZ

Almaniyanın maşınqayırma sənayeçiləri ABŞ-ın gömrük rüsumları ilə bağlı xəbərdarlıq ediblər

Berlin, 29 oktyabr, AZƏRTAC

Alman Maşınqayırma Müəssisələri Assosiasiyası (VDMA) ABŞ-ın yeni gömrük qərarlarının Almaniyadan və Avropadan bu ölkəyə ixrac olunan maşınqayırma məhsullarının yarıdan çoxuna təsir göstərə biləcəyi barədə xəbərdarlıq edib.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, Assosiasiya Avropa İttifaqını (Aİ) ABŞ ilə gömrük razılaşmasını yenidən müzakirə etməyə çağırıb və mövcud gömrük sazişini maşınqayırma sənayesi üçün “dəyərsiz” adlandırıb.

VDMA Aİ ilə ABŞ arasında mövcud gömrük razılaşmasının ixrac olunan maşınların tərkibindəki polad və alüminiuma tətbiq edilən əlavə gömrük rüsumları ilə əlaqədar təcili olaraq danışıqlar yolu ilə dəyişdirilməsinin vacibliyini bildiriblər. Məlumatda qeyd olunub ki, hazırda Almaniyadan və Avropadan ABŞ-a ixrac olunan maşın və avadanlıqların təxminən 40 faizi artıq 15 faizlik əsas gömrük rüsumuna əlavə olaraq əlavə idxal vergisinə də cəlb edilir. Bu əlavə vergi mürəkkəb hesablama proseduru ilə müəyyən edilir və əsasən məhsulun polad və alüminium payına görə tətbiq olunur. Dekabrda gözlənilən növbəti qərarla bu siyahıya təxminən 200 növ yeni maşın və avadanlıq da daxil ediləcək. Bu məhsullar üçün polad və alüminium tərkibinə görə 50 faizlik yüksək rüsum ödənməli olacaq. Nəticədə Almaniyanın ABŞ-a ixrac etdiyi maşınqayırma məhsullarının təxminən 56 faizi bu yüksək rüsumların təsirinə məruz qalacaq ki, bu da bu sənaye sahəsinin bütün sahələrinə mənfi təsir göstərəcək. Bu baxımdan VDMA gömrük razılaşmasının Almaniya və Avropa maşınqayırma sənayesi üçün hələ də dəyərsiz olduğunu bildirir.

“Buna görə də Avropa İttifaqı bu məsələdə geri çəkilməməlidir. Sənayemizə sabitlik və proqnozlaşdırıla bilən şərait gətirməkdən uzaq olan bu gömrük sazişi üzrə təcili şəkildə yenidən danışıqlara ehtiyac var”, - deyə VDMA-nın sədri Bertram Kavlat qeyd edib.

VDMA Almaniyada 3600 maşın və avadanlıq istehsalçısını birləşdirən assosiasiyadır. Bir milyondan çox işçini əhatə edən bu sənaye sahəsi edir Alman iqtisadiyyatının əsas dayaqlarından biridir. ABŞ və Çin alman maşınqayırma sənayesinin ən mühüm ixrac bazarlarından sayılır.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
21
2
azertag.az

3Mənbələr