BAKI, 29 oktyabr. TELEQRAF
“Avronest Gürcüstan, Ermənistan, Azərbaycan və Moldova parlamentarilərini bir arada toplaya biləcəyimiz yeganə formatdır”.
Teleqraf xəbər verir ki, bunu oktyabrın 29-da Avronest Parlament Assambleyasının İrəvanda keçirilən 12-ci plenar iclasında Belarus müxalifətinin lideri Svetlana Tixanovskayanın videomüraciətində deyilib.
“Həmsədrləri təbrik etmək istəyirəm ki, insanları bu cür bir araya gətiriblər, Belarusun da orada təmsil olunmasını təmin ediblər. Bizim üçün Avronest bir platformadan daha çox şey deməkdir, bu, oxşar problemləri olan xalqların həm ağrılarını, həm də uğurlarını bölüşə biləcəyi unikal yerdir. Hamımız üçün bu, Gürcüstan, Ermənistan, Azərbaycan, Moldova parlamentarilərini bir arada toplaya biləcəyimiz yeganə formatdır”, - o bildirib.
Həmçinin Tixanovskaya Azərbaycana müraciətində bildirib:
“Azərbaycanlı dostlarımıza da bir mesaj ünvanlamaq istəyirəm. Münasibətlərin qurulmasına çox açığıq və maraqlıyıq. Əminik ki, ortaq maraqlar və qarşılıqlı fayda gətirəcək sahələr tapacağıq”.
Xatırladaq ki, Azərbaycan parlamentinin nümayəndə heyəti Avronest PA-nın oktyabrın 28-30-da İrəvanda keçirilən 12-ci plenar sessiyasında iştirakdan imtina edib. Qərar Avropa Parlamentinin Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə bəyanat və qərarları ilə izah olunub.
Azərbaycanla yanaşı, Gürcüstan da iclasa qatılmaqdan imtina edib.
Svetlana Tixanovskayaya gəlincə, Litvada mühacir həyatı yaşayan belaruslu müxalif siyasətçi 44 günlük müharibə zamanı və ondan sonra Azərbaycan əleyhinə təxribatçı açıqlamaları ilə gündəmə gəlmişdi. O, Litva hökumətinin şəxsi təhlükəsizlik səviyyəsini aşağı saldığı üçün Ermənistana səfər proqramını ləğv etməyə məcbur olub.