AZ

Tramp və Si Tsinpinin gözlənilən görüşü: iki superdövlət nəyi müzakirə edəcək və dünya nə gözləyir?

ABŞ və Çin liderlərinin 30 oktyabrda baş tutacaq görüşü Vaşinqton–Pekin münasibətlərində dönüş nöqtəsi ola bilər...

Poliqon xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin 30 oktyabrda Cənubi Koreyanın Pusan şəhərində görüşəcəklər. Bu, yanvar ayından bəri iki lider arasında keçiriləcək ilk şəxsi görüş olacaq. İsveçrənin nüfuzlu “Neue Zürcher Zeitung” (NZZ) qəzeti yazır ki, bu hadisə Vaşinqtonla Pekin arasında son illər gərgin və proqnozlaşdırılması çətin olan münasibətlərdə dönüş nöqtəsinə çevrilə bilər.

Niyə məhz indi?

Görüş Asiya-Sakit okean regionunun ən böyük iqtisadiyyatlarını birləşdirən APEC sammiti çərçivəsində keçiriləcək. Formal olaraq əsas mövzu ticarət məsələləridir, lakin əslində tərəflər uzunmüddətli sanksiyalar, qarşılıqlı ittihamlar və gömrük rüsumları fonunda münasibətləri yenidən başlatmağa çalışırlar.

Ticarət gərginliyi bu ilin yazında pik həddə çatdıqdan sonra dialoq faktiki dayanmışdı. Hər iki tərəf zahirən ehtiyatlı davranır, lakin qarşılıqlı etimad səviyyəsi hələ də aşağıdır. Tramp sərt ritorikasına baxmayaraq, Si Tsinpini “ağıllı və parlaq lider” adlandırır. Si isə Trampı “proqnozlaşdırılması çətin rəqib” kimi görür, lakin bu da Pekinə yeni güzəşt imkanları yaradır.

Bununla belə, görüş az qala baş tutmaya bilərdi. Cəmi üç həftə əvvəl Çin hökuməti nadir torpaq metalları üzrə ixrac nəzarətini sərtləşdirərək ABŞ-a cavab addımı atmışdı. Tramp isə buna 100 faiz gömrük rüsumu ilə hədələməklə cavab vermişdi. Lakin yeni tariflərin 1 noyabrda qüvvəyə minməsi ərəfəsində tərəflər ritorikanı yumşaldaraq dialoqa qayıtmağa razılaşıblar.

Əsas müzakirə mövzuları

Görüşün mərkəzində ticarət rüsumları və nadir torpaq elementlərinin ixracı dayanacaq. NZZ-nin məlumatına görə, Tramp və Si, ehtimal ki, Kuala-Lumpurda aparılmış danışıqlarda əldə olunmuş ilkin razılaşmanı təsdiqləyəcəklər. Razılaşmaya əsasən, Çin 10 oktyabrda tətbiq etdiyi ixrac məhdudiyyətlərini bir il müddətinə dayandıracaq, ABŞ isə qarşılığında yeni 100 faizlik rüsumların tətbiqindən imtina edəcək. Bu barədə ABŞ maliyyə naziri Skott Bessent məlumat verib.

Danışıqların digər mühüm mövzusu fentanil ticarətinə qarşı mübarizə olacaq. “The Wall Street Journal” yazır ki, Çin bu sintetik opioidin istehsalında istifadə olunan kimyəvi maddələrin ixracına nəzarəti gücləndirəcəyinə söz verə bilər. Tramp dəfələrlə Pekini Meksika kartellərinə bu maddələrin ötürülməsinə şərait yaratmaqda günahlandırmışdı və indi bu sahədə əməkdaşlığa ümid bəsləyir.

Ən həssas məsələ isə Tayvan olacaq. Rəsmi gündəlikdə bu mövzu yer almasa da, analitiklərin fikrincə, Si Tsinpin “Çinin daxili işlərinə qarışmağa dözməyəcəklərini” açıq şəkildə ifadə edəcək. Tramp isə Tayvana dəstəyi qoruyaraq, Pekinlə dialoqu tam pozmamağa çalışacaq.

Liderlərin siyasi məqsədləri

Tramp üçün bu görüş beynəlxalq səhnədə mövqeyini gücləndirmək və seçicilərə nəticə əldə edə biləcəyini göstərmək fürsətidir. Daxildəki siyasi təzyiqlər və iqtisadi narazılıqlar fonunda onun diplomatik uğura ehtiyacı var.

“Düşünürəm ki, Çinlə yaxşı bir razılaşma əldə edəcəyik”, deyə o, ötən bazar günü bəyan etmişdi.

Si Cinpin üçün isə Pusandakı danışıqlar Çinin qlobal siyasətdə bərabər tərəf kimi qalmasını nümayiş etdirmək imkanıdır. Çin iqtisadiyyatındakı yavaşıma fonunda o, ABŞ-la texnologiya ixracına dair məhdudiyyətləri yumşaltmağa və Çin şirkətlərinə qarşı təzyiqi azaltmağa çalışır.

Gözləntilər və risklər

Ekspertlər sürətli irəliləyiş gözləməsələr də, iki nəhəng iqtisadiyyatın liderlərinin bir araya gəlməsi artıq müsbət siqnal kimi qiymətləndirilir. NZZ yazır: “ABŞ və Çinin birbaşa danışması artıq özlüyündə mühüm hadisədir”. Bu, qlobal bazarlarda inamı artıra və beynəlxalq ticarətin sabitləşməsinə töhfə verə bilər.

Lakin risklər qalır. Danışıqların uğursuzluğu yeni sanksiyalar dalğasına, gömrük rüsumlarının artımına və diplomatik gərginliyə səbəb ola bilər. Buna görə də, Avropa və Asiya ölkələri Pusandakı görüşü diqqətlə izləyir, çünki iki superdövlətin bağlayacağı mümkün razılaşmalar üçüncü tərəflərin maraqlarını kölgədə qoya bilər.

Poliqon.info

Seçilən
26
poliqon.info

1Mənbələr