AZ

İngilislərin "Eurofighter"i TürkiyəninKAAN-larını qabaqladı...


27 oktyabr 2025 tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Londonda Böyük Britaniyanın baş naziri ilə görüşdən sonra bəyan etdi ki, “Eurofighter Typhoon” razılaşması iki ölkə arasında hərbi-texnoloji əməkdaşlıqda yeni mərhələnin başlanğıcıdır.

Bu açıqlama təkcə hərbi müqavilə deyil, həm də Türkiyənin müdafiə strategiyasında dönüş nöqtəsi kimi qiymətləndirilir.

Danışıqlarda əsas mövzu “Eurofighter Typhoon” döyüş təyyarələrinin Türkiyəyə satışı olub. Razılaşmaya görə, Türkiyə 44 ədəd “Eurofighter Typhoon” alacaq. Təchizat mərhələli şəkildə həyata keçiriləcək. Saziş həm hava qüvvələrinin modernləşdirilməsini, həm də yerli sənayeyə texnologiya transferini nəzərdə tutur.

Ərdoğan vurğulayıb ki, bu razılaşma “təkcə hərbi deyil, həm də strateji və siyasi əhəmiyyətə malikdir”. Çünki Türkiyə NATO çərçivəsində Qərb istehsalı olan silah sistemlərinə çıxışını genişləndirir. Britaniya ilə əlaqələr sırf müttəfiqlikdən strateji tərəfdaşlıq səviyyəsinə keçir. Razılaşma F-16 və F-35 proqramlarında yaranan boşluğu qismən doldurur.

Əslində, bu saziş Türkiyənin “Qərbdən tam uzaqlaşmadığını, amma tam asılı da qalmaq istəmədiyini” göstərən açıq mesajdır.

Danışıqlarda müdafiə sahəsindən əlavə ticarət və investisiya əməkdaşlığı da gündəmdə olub.

Tərəflər illik ticarət dövriyyəsini 30 milyard dollara, daha sonra isə 40 milyard dollara çatdırmağı planlaşdırır.

Türkiyə, xüsusilə Britaniyanın aviasiya və mühərrik sənayesində bəzi komponentlərin yerli istehsalına maraq göstərir.

Bu, Ankaraya texnoloji zəncirə qoşulmaq, mühərrik və radar sistemləri kimi müstəsna sahələrdə təcrübə qazanmaq imkanı verir.

Bundan əlavə, Rolls-Royce şirkəti ilə KAAN təyyarələri üçün mühərrik əməkdaşlığı da danışıqlar masasındadır.

Görüş zamanı tərəflər yalnız hərbi məsələləri deyil, həm də regional gərginlikləri müzakirə ediblər:

Qəzza zolağında humanitar böhran və atəşkəs çağırışları, Rusiya-Ukrayna müharibəsində diplomatik təşəbbüslər, Suriya və Şərqi Aralıq dənizi regionunda təhlükəsizlik və enerji balansı da müzakirə edilən məsələlər sırasında olub.

Britaniya hökuməti Türkiyənin bölgədə “sabitləşdirici oyunçu” rolunu vurğulayıb, Ərdoğan isə Qərbi “ikili standartlara son qoymağa” çağırıb.

Bu mənada, “Eurofighter” sazişi təkcə silah satışı deyil, həm də Türkiyə-Qərb münasibətlərinin yenidən formatlaşdırılmasıdır.

Türkiyənin milli döyüş təyyarəsi TF-X “KAAN” artıq reallığa çevrilib.

İlk sınaq uçuşu 2024-cü ilin fevralında baş tutdu. Savaş təyyarəsi ikinci prototip hazırlanma mərhələsindədir. Seriyalı istehsalın 2028–2029-cu illər üçün planlaşdırıldığı bildirilir.

Layihənin əsas çətinliyi mühərrik texnologiyası ilə bağlıdır. ABŞ “General Electric” lisenziyası əsasında tədarükə məhdudiyyət qoyub, bu səbəbdən Ankara Böyük Britaniya (Rolls-Royce) və Cənubi Koreya ilə alternativ variantlar üzərində işləyir.

Bu layihənin üstünlükləri ondadır ki, havadan müdafiə sənayesi yerli istehsal və milli texnologiya əsasında inkişaf etdirilir, NATO standartlarına uyğun sistemlər qurulur, yeni döyüş təyyarəsi “Kızılelma” və “Anka-3” kimi pilotsuz sistemlərlə inteqrasiya edilir.

Risqlər isə ondan ibarətdir ku, mühərrik və avionika texnologiyasında xaricdən asılıdır, test və sertifikatlaşma mərhələləri uzanır, ilk eskadronun istifadəyə verilməsi üçün 3–4 il tələb olunur.

Yəni KAAN strateji gələcək layihədir, lakin qısa müddətdə ordunun döyüş yükünü tam əvəzləmək imkanına malik deyil.

“Eurofighter”lər Türkiyə üçün “hazır platforma”dır.

Bu təyyarələr artıq Almaniya, Böyük Britaniya, İtaliya və İspaniya tərəfindən 400-dən çox sayda istifadə olunur.

NATO sistemləri ilə tam uyğundur, qısa zamanda istismara verilə biləcək hazır texnologiya ortadadır, hava-hava və hava-yer döyüşlərində çoxfunksiyalı imkanlara malikdir, Türkiyənin F-35 proqramından kənarda qalmasının yaratdığı boşluğu doldurur.

Lakin bu layihə də Türkiyə üçün risqlərdən xali deyil.

Birincisi, Almaniyanın ixrac icazəsi ilə bağlı veto ehtimalı (Berlin hələ də tam razılıq verməyib) var.

Eyni zamanda tam texnologiya transferi zəifdir, uzunmüddətli texniki xidmət asılılığı mövcuddur.

Beləliklə, “Eurofighter Typhoon” Türkiyə üçün taktiki zərurət, lakin strateji keçid mərhələsi rolunu oynayır.

Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramından çıxarıldı.

Donald Tramp bu yaxınlarda yenidən bəyan etdi ki, Ankara F-35 proqramına qayıtmaq istəyirsə, Rusiyadan enerji idxalına və S-400 istifadəsinə son qoymalıdır.

Amma bu, Türkiyə üçün real deyil. Ölkənin enerji balansının təxminən 40%-i Rusiyadan gəlir, Moskva ilə münasibətlərin pozulması Ankaranın enerji təhlükəsizliyini risqə atar, F-35 proqramına qayıdış isə daxili siyasətdə güzəşt təəssüratı yaradar.

Bu səbəbdən Türkiyə indi “nə tam bəli, nə də tam yox” siyasəti aparır: qapını bağlamır, amma asılılığa qayıtmaq da istəmir.

Hazırda Türkiyə müdafiə siyasətində üç istiqaməti paralel aparılır. Əvvəla, KAAN – milli gələcək və texnoloji müstəqillik, ikincisi, Eurofighter – hazırda güc balansını qoruyan keçid addımı, üçüncü, F-35 – siyasi manevr üçün saxlanılan variant.

Bu model Türkiyəyə həm Qərb sistemləri ilə əlaqəni qorumaq, həm də milli istehsal xəttini gücləndirmək imkanı verir.

Beləliklə, Ankara “hibrid müdafiə konsepsiyası” qurur: Qərb texnologiyasını tam tərk etmir, Rusiya ilə körpüləri yandırmır, amma gələcəkdə tam milli aviasiya sənayesinə sahib olmağı hədəfləyir.

Yəni “Eurofighter” sazişi Türkiyənin sadəcə hərbi modernləşmə planı deyil - bu, geosiyasi balansın yenidən qurulmasıdır.

Ərdoğan hökuməti Qərblə münasibətləri bərpa etməyə çalışır, amma bu dəfə öz milli gücünə arxalanaraq.

Bu siyasət uğurlu olarsa, Türkiyə yaxın onillikdə yalnız NATO-nun deyil, həm də Avrasiya məkanının hava qüvvələri liderlərindən birinə çevrilə bilər.

Akif NƏSİRLİ

Seçilən
18
baki-xeber.com

1Mənbələr