AZ

Venesuela ordusu çökmə həddində: Maduro ölkəsini ABŞ zərbələrinə hazırlaya biləcəkmi?

Venesuela silahlı qüvvələri 25 illik sosialist idarəçiliyin ardından dərin böhran yaşayır...

Financial Times nəşrinin məqaləsi

Venesuela rəhbərliyi ABŞ-ın mümkün hərbi zərbələrinə hazırlaşır, lakin ekspertlərin fikrincə, ölkənin silahlı qüvvələri uzun illər davam edən avtoritar-sosialist idarəçilik nəticəsində ciddi şəkildə zəifləyib.

Hazırda Karib dənizində ABŞ donanması narkotik qaçaqmalçılığında şübhəli gəmiləri məhv edir, prezident Donald Tramp isə Venesuelaya qarşı quru əməliyyatlarının istisna olunmadığını açıq şəkildə bildirir. Bu arada prezident Nikolas Maduro ictimaiyyət qarşısında ox və yayla poza verərək, hərbi paradlar təşkil etməklə “vətənpərvərlik ruhunu” nümayiş etdirməyə çalışır.

Daxili nəzarət, yoxsa milli müdafiə?

Analitiklərin qeyd etdiyinə görə, Venesuela ordusu artıq uzun müddətdir ki, xarici təhlükələrə qarşı deyil, daxili etirazların yatırılmasına yönəlib. Mühacirətdə olan müxalif siyasətçi Xulio Borxesin sözlərinə görə, “bütün kəşfiyyat sistemi və təhlükəsizlik strukturları xalqın üzərində nəzarətə yönəlib”. Onun hesablamasına görə, ordunun real döyüş hazırlığı 30–40 faizdən artıq deyil.

ABŞ-nin artan hərbi fəallığı

Rəsmi olaraq Vaşinqtonun əməliyyatı “antinarkotik kampaniya” adlanır, lakin üç esmines və desant gəmilərinin bölgəyə göndərilməsi ekspertlərdə əsl məqsədin Karakas rejiminin dəyişdirilməsi olduğuna dair şübhələr yaradıb.

Xüsusilə Trampın “növbə torpağındır” ifadəsi gərginliyi daha da artırıb. Sentyabr ayından bəri ABŞ qüvvələri ən azı 14 gəmiyi batırıb, 57 nəfər həyatını itirib. Həmçinin USS Gerald R. Ford aviadaşıyıcısının bölgəyə gəlməsi, Vaşinqtonun mümkün hərbi əməliyyata hazırlaşdığı ehtimallarını gücləndirib.

ABŞ administrasiyası Maduronu “Günəş Karteli” adlı narkotik şəbəkəsinə rəhbərlikdə ittiham edir. Vaşinqton və müxalifət onun son seçkilərdəki “qələbəsini” saxtakarlıq sayır.

Üç mümkün ssenari

Ekspertlərin fikrincə, ABŞ-ın Venesuelaya qarşı mümkün müdaxiləsi üç istiqamətdə inkişaf edə bilər:

Narkotrafik obyektlərinə pilotsuz və ya raket zərbələri;

Maduro və onun yaxın çevrəsinin ələ keçirilməsi əməliyyatı;

Tammiqyaslı hərbi müdaxilə – 1989-cu ildə Panamada Norieqa rejiminə qarşı həyata keçirilən əməliyyata bənzər ssenari.

Birinci ssenari çərçivəsində ABŞ ilk növbədə Venesuelanın hava hücumundan müdafiə sistemini (S-300, “Pyeçora”, “Buk”) sıradan çıxara bilər. Maduro cavab olaraq ordunun 5 min ədəd rus “İqla” raket kompleksi aldığını iddia edib, lakin ABŞ-ın sabiq diplomatı Evan Ellis bu bəyanatı “taktiki cəhətdən əhəmiyyətsiz və şübhəli” adlandırır: “Bu silah yalnız aşağı hündürlükdə uçan helikopterlərə qarşı yararlıdır və onların real sayının 5 min olması çox şübhəlidir.”

Maduro rejiminin müdafiə strukturu

Maduronun təhlükəsizlik konsepsiyası əsasən DGCIM adlı hərbi əks-kəşfiyyat orqanına əsaslanır. Mütəxəssislər onu prezidentin “pretorian qvardiyası” adlandırırlar. Bu struktur təkcə məlumat toplanması ilə deyil, həm də şəhərlərdə silahlı müqavimət və qorxu mühiti yaratmaqla rejimin idarəetməsini qoruyur.

Rəsmi rəqəmlərə görə, Venesuela ordusunda 120 min hərbçi var, lakin real döyüş qabiliyyətli qüvvələrin sayı 70 min nəfəri keçmir. Maaşlar ayda təxminən 30 dollar səviyyəsindədir, əsgərlərin çoxu aclıq həddində yaşayır.

Venesuela hüquq müdafiə təşkilatı Foro Penal bildirir ki, ölkədəki 866 siyasi məhbusdan 171 nəfəri hərbçidir.

Bütün bu reallıqlara baxmayaraq, Maduro ordunun “gücünü” nümayiş etdirməkdə davam edir. Yaxın günlərdə o, 12 gəmi, 22 təyyarə (rus istehsalı Su-30 və köhnə ABŞ F-16-ları) və 2500 əsgərlə La-Orçila adasında hərbi təlimlər keçirib. Lakin müxalifətçi Karlos Paparoninin sözlərinə görə, F-16 pilotlarının çoxu artıq 60 yaşındadır və radar sistemlərinin bir hissəsi işlək deyil.

Ehtimal olunan “Maduronu ələ keçirmə əməliyyatı”

Əgər ABŞ Maduroidə tutmaq qərarına gəlsə, bu, Karakasdakı Fuerte Tiuna hərbi bazasına sızmağı tələb edəcək. Burada prezident və onun yaxın çevrəsi daim xüsusi mühafizə altında qalır. Belə əməliyyat MV Ocean Trader adlı gizli platforma vasitəsilə həyata keçirilə bilər. Gəmi “Night Bird” helikopterləri ilə təchiz olunub – bu texnika vaxtilə Üsamə bin Ladenin məhv edilməsi əməliyyatında da istifadə olunub.

Ekspert Andres Serbin Pontun fikrincə, “belə missiyanın uğur qazanması üçün əvvəlcə Karakasdakı komanda mərkəzi sıradan çıxarılmalıdır.”

Qorxu və dağılma içində ordu

Məlumatlara görə, hərbçilər və polis əməkdaşları daim nəzarət altında saxlanılır, yüksək rütbəli zabitlər “təhlükəsizlik protokollarına uyğun olaraq” yaşayış yerlərini mütəmadi dəyişməli olurlar.

Professor Evan Ellis isə hesab edir ki, real döyüş başlasa, bir çox hərbçilər “ya təslim olacaq, ya da silahlarını satacaq”: “Ailəsi aclıq çəkən serjant niyə amerikalı helikopterə atəş açsın, bilə-bilə ki, 12 saniyə sonra özü məhv olacaq?”

The Financial Times nəticə çıxarır ki, Venesuela dərin təhlükəli mərhələyə daxil olur. Korrupsiya və qorxu ilə iflic olmuş ordu xarici hücuma qarşı durmaq gücündə deyil. Maduro rejimi artıq ölkəni qorumaq üçün deyil, özünü qorumaq üçün mübarizə aparır.

Poliqon.info

Seçilən
37
poliqon.info

1Mənbələr