AZ

Şərqdə ilk dövlət nəşriyyatı “Azərnəşr” “AZƏRNƏŞR” 100

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Zəngin tarixə və mədəniyyətə malik xalqımızın elmi, ictimai-siyasi, təhsil və mədəni səviyyəsinin yüksəlməsində, xalqın savadlanmasında Azərbaycan kitabının böyük rolu olmuşdur və məlumdur ki, kitabın ərsəyə gəlməsi, poliqrafiya prosesində çap olunub oxucuya çatdırılması nəşriyyatın, mətbəənin əməyidir. Ölkəmizdə bu sahədə mühüm rol oynayan nəşriyyatlardan biri və ən birincisi Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”dir. Qeyd etmək yerinə düşər ki, Şərq dünyasında bir çox ilklər Azərbaycandan başladığı kimi, rəsmi kitab nəşri ilə məşğul olan ilk dövlət nəşriyyatı da ölkəmizdə fəaliyyətə başlayıb.

“Azərnəşr”in 100 il öncə fəaliyyətə başlaması respublikamızın ictimai-siyasi, təhsil və bir çox sahələrində böyük hadisə hesab edilirdi. Kitabının sahəvi quruluşunda, seriyalarla kitab buraxılışında, tədris kitablarının yaranmasında və kitab tipologiyasının formalaşmasında bədii-texniki tərtibatın keyfiyyətinin yaxşılaşmasında “Azərnəşr” böyük rol oynamış, bu sahənin məktəbinə çevrilmişdir. Dünya klassiklərinin ən gözəl əsərlərini, elmin və texnikanın qabaqcıl nailiyyətlərinə aid dünya alimlərinin dəyərli kitablarını ilk dəfə “Azərnəşr” doğma dilimizdə nəşr etmişdir.

Ötən əsrin ilk illərində Bakıda gizli şəkildə fəaliyyət göstərən “Nina”, “Orucov qardaşları” və digər özəl mətbəə-nəşriyyatlar fəliyyət göstərsə də, onlar daha çox qəzet nəşri ilə məşğul olublar, kitab sahəsindəki fəaliyyətlərindən geniş bəhs edə bilmərik. Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq fəaliyyəti dövründə kitab nəşrinə xüsusi diqqət göstərsə də, bolşevik işğalı bunu gerçəkləşdirməyə fürsət verməmişdi. Lakin maarifə, irfana, cəmiyyətin savadlanmasına üstünlük verən AXC hökuməti mətbuatı milli mədəniyyətimizin mühüm tərkib hissəsinə çevirə bilmişdi.  

Kitab nəşri tariximizlə bağlı bir sıra araşdırmalarda Şərqdə ilk rəsmi dövlət nəşriyyatı kimi fəaliyyətə başlayan “Azərnəşr”in yaranma tarixi 1920-ci il göstərilir. “Kommunist” qəzetinin o vaxtkı səhifələrində Azərbaycanda poliqrafiyanın mərkəzləşmiş təşkilinə və inkişaf etdirilməsinə 1920-ci ilin may ayından başlandığı qeyd edilir. Mənbələr göstərir ki, nəşriyyatın yaradılması Azərbaycan SSR İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun diqqətində olan ən vacib məsələlərdən biri olmuş, 1920-ci il iyunun 9-da mətbuat və dövlət nəşriyyatı şöbəsi - “Azərmərkəzimətbuat” yaradılması haqqında 8 paraqrafdan ibarət 40 saylı dekret imzalamışdır. Dekretin birinci paraqrafında deyilir: “Bütün komissarlıqların və idarələrin, partiya və sovet təşkilatlarının nəşriyyat fəaliyyətini mərkəzləşdirmək məqsədilə Xalq Maarifi Komissarlığının yanında Azərbaycan Mətbuat şöbəsi və Dövlət Nəşriyyatı - “Azərmərkəzimətbuat” təsis edilsin. Nəriman Nərimanov nəşriyyatda ilk növbədə, elmi-kütləvi ədəbiyyatın, dərsliklərin və dərs vəsaitlərinin nəşrinin həyata keçirilməsinə çalışır və buna nail olur. Bununla da “Azərmərkəzimətbuat”ın - “Azərnəşr”in əsası qoyulur və ilk müdiri Ağababa Yusifzadə olur.

Lakin “Azərnəşr” adı ilə rəsmi fəaliyyəti 1925-ci ildən götürülüb. 

lll

Mətbuat sarayının tikilib istifadəyə verilməsinə qədər “Azərnəşr” Morskoy (indiki Bülbül prospekti) və Krasno-Xristovski (indiki Şeyx Şamil) küçələrinin tinində yerləşmiş və fəaliyyət göstərmişdir. Tarix üzrə fəlsəfə doktoru Leyla Abasovanın zəngin faktlara əsaslanan “Azərbaycan Dövlət Nəşriyyatı - “Azərnəşr”in yaranması və fəaliyyəti” adlı  monoqrafiyasında göstərilir ki, 1920-ci ildə “Azərnəşr” də əski əlifbada bir neçə dərslik nəşr olunub. Rəşad Qafur: “Birinci dərəcənin sinfinə məxsusdur” (1920), Harun Əl Rəşid: “İkinci dərəcəli məktəblərə məxsusdur” (1920), Cəmo Cəbrayılbəyli “Heyvanat dərsləri” və sair. 1924-1925-ci illərdə məktəblər üçün müxtəlif dərsliklər nəşr etmiş, uşaq ədəbiyyatı, bədii ədəbiyyat, təbliğat-təşviqat, hərbi, xüsusilə də ayrı-ayrı elm sahələri üzrə kitabların nəşrinə nail olmuşdur. 1923-1933-cü illər ərzində 1840 adda 11587,4 min nüsxə Azərbaycan dilində, 363 adda 1423,8 min nüsxə rus dilində, 3431 adda, yəni 19499,5 min nüsxə ümumi tirajla kitab nəşr olunmuşdur.

1927-ci il noyabrın 8-də Bazarnı (indiki Azərbaycan) və Zeytuyev küçələri arasında (indiki Sabir bağının yanı) Azərbaycan Dövlət Nəşriyyatının yeni tikiləcək binasının - Mətbuat sarayının bünövrəsi qoyulur. Təməlatma mərasimində Maarif Komissarı Ruhulla Axundov çıxış edərək, yeni binanın əhəmiyyətindən bəhs edir. 

1933-cü ildə “Azərnəşr”in şərəfinə tikilmiş Mətbuat sarayı tam şəkildə istifadəyə verilir. O vaxta qədər ölkəmizdə kitab ticarəti ilə məşğul olan xüsusi müstəqil dövlət dövlət müəssisəsi olmadığına görə, “Azərnəşr”in yanında kitab ticarəti ilə məşğul olan xüsusi idarə də yaradılır. Hazırda bu tarixi bina Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin reysterində yerli əhəmiyyətli memarlıq abidəsi statusi altında qeydiyyata alınışdır. Həmin tarixdən 1995-ci ilədək “Azərnəşr” bu binada fəaliyyət göstərib. Bu illər ərzində onlarla seriyada müxtəlif elm sahələrinə dair saysız-hesabsız kitablar çap olunub. “Azərnəşr” yarandığı gündən 2001-ci ilə qədər müstəqil dövlət müəssisəsi kimi fəaliyyət göstərmiş, ölkəmizdə keyfiyyət və kəmiyyət etibarilə ümumi kitab məhsulunun 50 faizə qədərini əhatə etmişdir. İndiyədək milyonlarla tirajla on minlərlə adda kitab nəşr olunub. Vaxtilə respublikamızda fəaliyyət göstərən “Maarif”, “Gənclik”, “Yazıçı”, “İşıq” kimi nəşriyyatlar “Azərnəşr”in müvafiq redaksiyalarının bazası əsasənda yaradılmışdır.

O binada vaxtilə “Azərnəşr”lə yanaşı, “Gənclik” nəşriyyatı, “26-lar mətbəəsi” və digər müvafiq sahələr fəaliyyət göstərirdi. Məlumatlata görə bina hazırda fəaliyyətsizdir. Çox istərdik ki, Mehdi Hüseyn küçəsi 61, dalan 2, ev 3 ünvanında şəxsi evdə fəaliyyət göstərən “Azərnəşr” 100 illiyi ərəfəsində öz evinə dönsün. Qeyd edək ki, 4 mərtəbədən ibarət Mətbuat sarayında təkcə biz deyil, bir çox mətbuat orqanı və ya nəşriyyatlar da fəaliyyət göstərə bilər.  

lll

“Azərnəşr” tarixən tərcümə ədəbiyyatının məktəbi olub. Bu barədə tədqiqatçıların əsərlərində geniş bəhs olunub. Nəşriyyatın fəaliyyətə başladığı ilk günlərindən tərcümə redaksiyasının əsası qoyulub. 1925-1933-cü illərdə “Azərnəşr”də 12 tərcüməçi ştatı olub və bu ştatlarda Əhməd Cavad. Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı, Məmməd Səid Ordubadi, Xəlil İbrahim, Nigar Rəfibəyli və bir çoxları müqtədir tərcüməçilər kimi yetişib və çalışıblar. Başda Qorki, Tolstoy, Puşkin, Dostoyevski olmaqla, bütün rus yazıçılarının əsərləri və poeziyası, həmçinin dünya klassikləri - Şekspirin, Şillerin, Hötenin, Firdovsinin, Rəşad Nuri Güntəkinin, Fransın, Rablenin, De Servantesin və başqalarının əsərləri ən mükəmmə şəkildə doğma dilimizə çevrilib yüksək tirajla çap olunub. “Azərnəşr”in direktoru, görkəmli ziyalı Azər Mustafazadə ömrünün son günlərinədək tərcümə işi ilə məşğul olurdu.

lll

XX əsr Azərbaycanın görkəmli ziyalılarının, ictimai-siyasi və mədəniyyət xadimlərinin, yazıçı və şairlərinin bir çoxunun əmək və yaradıcılıq yolu “Azərnəşr”dən keçmişdir. Bura sanki bir elm, mədəniyyət, təhsil mərkəzi olub. Cəfər Cabbarlı, Yusif Vəzir Çəmənzəminli, Ömər Faiq Nemanzadə, Vəli Xuluflu, Məmməd Səid Ordubadi, Ahmet Triniç, Əhməd Cavad və daha neçə-neçə böyük ziyalılarımız “Azərnəşr”də direktor, baş redaktor, redaktor və tərcüməçi kimi çalışmış, özləri də yazıb-yaratmış, kitabları nəşr olunaraq, oxucuya çatdırılmışdır.

Ulu öndər Heydər Əliyevin birinci hakimiyyəti dövründə ölkəmizdə kitab nəşri zirvə nöqtəsinə çatmışdır. Azərbaycan ədəbiyyatının təkamülü hesab edilən həmin dövrdə yaranmış bədii əsərlər, maraqlı romanlar, povestlər, şerlər, dünya ədəbiyyatı incilərindən tərcümələr “Azərnəşr”in qrifi ilə yüksək tirajlarla çap olunaraq oxuculara çatdırılırdı. 1975-ci ildə SSRi Ali Soveti Rəyasət Heyətinin qərarı ilə “Azərnəşr”in 50 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş, Sovet Sosialist Respublikaları arasında ilk dəfə olaraq “Xalqlar dostluğu” ordeninə layiq görülmüşdür.

Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlişindən sonra onun siyasi və dövlətçilik fəaliyyətini əhatə edən “Müstəqilliyimiz əbədidir” çoxcildliyi tam 46 cilddə özünün sağlığında “Azərnəşr” tərəfindən nəfis tərtibatda çap olunub geniş oxucu kütləsinə çatdırılmışdır. Cənab Prezidentin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar müvafiq sərəncamından sonra və kollektivimiz gələn tələbləri nəzərə alaraq “Müstəqilliyimiz əbədidir” külliyyatının təkrar nəşrinə başladı.   

1990-cı ilin 20 Yanvar hadisələrini də ilk dəfə “Azərnəşr” gizli şəkildə “Qara Yanvar” adlı kitabı rus dilində nəşr edərək dünyaya çatdırmışdır. Nəşriyyatımız bütün dövrlərdə fəaliyyətində milli dəyərlərə, dövlətin siyasətinin təbliğinə, xüsusilə vətən tarixinə, Qarabağ probleminə, qondarma erməni soyqırımının ifşasına aid nəşrlərə xüsusi diqqət yetirib.

Müstəqillik illərində “Azərnəşr” əhəmiyyətli nəşrlərdən biri də qondarma erməni soyqırımını puça çıxardan 4 dildə (rus, ingilis, fransız, alman) 17 adda kitabın çap edilməsidir. Kollektivi mühüm bir seriya üzərində işləməyi öhdəsinə götürmüşdü. Direktor, böyük ziyalımız, rəhmətlik Azər Mustafazadə və baş redaktor Əlövsət Ağalarovun rəhbərliyi və gərgin əməyi ilə başa gələn həmin kitabların müəllifləri alman, ingilis, erməni və digər xalqların tədqiqatçıları idilər. Bu kitablar 2015-ci ildə - qondarma erməni soyqırımının 100 illiyi ərəfəsində yüksək tərtibatda nəşr olunaraq bütün beynəlxalq kitab sərgilərində nümayiş olundu.  

lll

Düz 30 il Qarabağ problemindən, işğalın xalqımıza gətirdiyi faciələrdən, Xocalı soyqırımından, bu məzmunda şairlərin şeirlərindən, bədii əsərlərdən ibarət kitablar çap etdik. 2020-ci ildən isə qələbə və zəfər kitabları çap edirik. Bu qüruru bizə yaşatdığı üçün uca Yaradana, müqəddəs şəhidlərimizə və Müzəffər Ali Baş Komandanımıza minnətdarıq. “Azərnəşr” 44 günlük Vətən müharibəsinə, Qarabağ mövzusuna xüsusi diqqət yetirir və bu sahədə müstəsna fəaliyyətini davam etdirir. Ziyadxan Əliyev “Şuşa təsviri incəsənətdə”, Taleh Cəfərov “Türk xalqları və dövlətinin tarixi”, Fazil Zeynalov “Şuşa müqəddəs Azərbaycan şəhəri”, “Xocavənd şəhidlərinə həsr olunmuş: Vətən sizə minnətdardır”, Azərbaycan mətbuatının 150 illiyinə həsr olunmuş “150 ilin söhbəti” və onlarla maraqlı kitabları nəşr olunub. Son günlər dünya şöhrətli alim Rafiq Əliyevin “Qeyri-səlis Məntiq” və tarix elmləri doktoru, professor Mehman Süleymanovun Asiyanın sonuncu böyük fatehi Nadir şah Əfşarın həyat və hərbi fəaliyyətindən bəhs edən “Nadir şah” romanı da yüksək keyfiyyətdə nəşr olunmuşdur.   

2001-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərnəşr”in kollektivi 2008-ci ildən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət başçısı kimi işə başladığı gündən bütün siyasi və dövlətçilik fəaliyyətini “İnkişaf - Məqsədimizdir” adlı çoxcildlikdə ən yüksək poliqrafik keyfiyyətdə  nəşr edir. Hazırda 146-cı cildi nəşrə hazırlayırıq.

Kollektivimiz böyük Qələbəmizin 5 illiyi ərəfəsində böyük ruh yüksəkliyi ilə çapa hazırladığı “Zəfər”. Tam və Qəti Qələbə” kitabı 44 günlük Vətən müharibəsinin anbaan zəngin məlumatlarını özündə əks etdirir. Bu kitab gələcək nəsillər üçün vətənpərvərlik, dövlətçilik dərsidir.    

Rəsmiyyə QARAYEVA

“Azərnəşr”in redaktoru

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
525.az

1Mənbələr