Fikrət Yusifov: “Rusiya hökumətinin hansısa bir üzvünün Avropaya getməsinə sanksiya tətbiq etməklə nəyəsə nail olmaq mümkün deyil, bu sadəcə gülüncdür”
Məlum olduğu kimi, ABŞ Prezidenti Donald Tramp Rusiyanın ən böyük neft şirkətləri olan "Rosneft" və "Lukoyl"a qarşı sanksiyalar tətbiq edib. Buna səbəb Moskvanın Ukraynada atəşkəslə bağlı həqiqi öhdəlik götürməməsi olub. Bu qərar digər ölkələrin rəhbərlərinin narazılığına səbəb olub.
Macarıstanın Baş naziri Viktor Orban İtaliyanın "La Repubblica" qəzetinə verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın "Rosneft" və "Lukoil" şirkətlərinə qarşı sanksiyalarını "səhv qərar" adlandırıb. Macarıstan iqtisadiyyatının Rusiya neft və qazından çox asılı olduğunu vurğulayan Orban bu sanksiyaların ləğvi üçün Vaşinqtona gedəcəyini bildirib: “Rusiya enerji təchizatı kəsilərsə, enerji qiymətləri "kəskin şəkildə yüksələcək" və ölkə ciddi təchizat çatışmazlığı ilə üzləşəcək”.
Maraqlıdır, Orbanın Trampın qərarını dəyişməyə gücü çatacaq?
“Rusiyaya qarşı daha kəskin sanksiyaların tətbiqində məqsəd Ukraynaya qarşı müharibəni dayandırmaqdır, lakin…”
“Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri Fikrət Yusifov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Rusiyaya qarşı daha kəskin sanksiyaların tətbiqində məqsəd Ukraynaya qarşı müharibəni dayandırmaqdır: “Lakin bu sanksiyalar olduqca zəif və mən deyərdim ki, sadəcə dişsizdir. Baxın, dördüncü ildir ki, Qərb Rusiyaya sanksiyalar tətbiq edir. Bu sanksiyaların sayının 20 mini ötməsinə baxmayaraq, Rusiya müharibəni maliyyələşdirmək üçün öz resurslarını birbaşa və dolayı yollarlamüxtəlif ölkələrə satmaqdadır. İndi “Lukoyl” və “Rosneft”ə tətbiq edilən sanksiyalar necə işləyəcək? Heç şübhəsiz, onlar da nefti qara donanmanın minlərlə tankerləri vasitəsilə gizli yollarla satmağa başlayacaqlar. Ona görə də əsas məsələ sanksiya tətbiq etmək deyil, tətbiq olunan sanksiyaların işləməsini təmin etməkdir. Qərb bu gün bunu edə bilmir. Və bu sanksiyalar işləmədikcə müharibə davam edəcək. Bu məsələdə real nəticələrin əldə olunması üçün iki problemi həll etmək lazımdır. Birincisi – neftə, qaza tətbiq edilən sanksiyalar nəticəsində dövriyyədən çıxarılan həcmlərin alternativ mənbələri müəyyən olunmalı, ikincisi isə, tətbiq edilən sanksiyaların işləməsi tam təmin edilməlidir. Bu gün Qərb bunların heç birini edə bilmir və ya etmək istəmir”.
Həmsöhbətimizin sözlərinə görə, Rusiya hökumətinin hansısa bir üzvünün Avropaya getməsinə sanksiya tətbiq etməklə nəyəsə nail olmaq mümkün deyil, bu sadəcə gülüncdür: “Avropa Birliyinin son, 19-cu sanksiya zərfindəki bəzi sanksiya predmetləri isə Rusiya hakimiyyəti və şəxsən Vladimir Putin tərəfindən lağa qoyuldu”.
Günel CƏLİLOVA