Xaqani Cəfərli: “Çoxsaylı problemləri olan Gürcüstan üçün bu çox ağır, bəlkə də düzəlməsi mümkünsüz olan vəziyyət yaradar”
Gürcüstanda hakimiyyətdə olan “Gürcü Arzusu” partiyası Konstitusiya Məhkəməsinə üç partiyanın qadağan olunması, fəaliyyətinin dayandırılması və antikonstitusion elan olunması barədə müraciət edib.
Bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili keçirdiyi brifinqdə məlumat verib.
Papuaşvilinin sözlərinə görə, şikayətdə adı çəkilən partiyaların birgə fəaliyyətinin dövlətə qarşı təhlükə yaratdığı iddia edilir:
“Konstitusiya şikayətimizlə aşağıdakı üç siyasi partiyanın antikonstitusion elan olunmasını tələb edirik:
– “Vahid Milli Hərəkat”
– “Koalisiya Dəyişikliyə doğru” (Gvaramia, Melia, Girchi, Droa)
– “Güclü Gürcüstan – Lelo, Xalq üçün, Azadlıq üçün”.
Parlament sədri bildirib ki, qeyd olunan partiyalar vahid siyasi məqsədlə birgə fəaliyyət göstərən koalisiya formatı yaradıb və hazırda da bu şəkildə hərəkət edirlər:
“Bu partiyalar birgə siyasi fəaliyyət göstərir və vahid orqanizm kimi hərəkət edirlər. Konstitusiya buna qarşı müdafiə mexanizmi nəzərdə tutur”.
Papuaşvili əlavə edib ki, siyahıda adı çəkilməyən, lakin eyni siyasi blokla sıx əlaqədə olan digər partiyalar da lazımi halda hədəfə gələ bilər: “Bu siyahıya daxil olmayan, amma həmin koalisiya ilə sıx əlaqədə olan partiyalar - məsələn, “Elene Xoştaria – Droa”, “Girchi – Daha çox azadlıq”, “Avropa üçün – Strategiya Aghmaşenebeli”, “Avropa Gürcüstanı” və digərləri hazırda əhəmiyyətli siyasi təsirə malik olmadıqları üçün müraciətə daxil edilməyib. Lakin gələcəkdə təsir güclərini artırdıqları halda, onların da antikonstitusion elan edilməsi gündəmə gələ bilər”.
Qeyd edək ki, hakim partiya bu addımın “Gürcüstanın konstitusiya təhlükəsizliyinin qorunması” üçün atıldığını bildirir. Müxalifət isə bu prosesi ölkədə siyasi rəqiblərin məhv edilməsinə yönəlik avtoritar addım adlandırır.
Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Milli Hərəkat Partiyası da sözügedən bu üç partiyanın içindədir.
Bu baş tutarsa nə baş verər?
“Daha sərt sanksiyalar gündəmdədir”
Siyasi ekspert Xaqani Cəfərli “Bakı-Xəbər”ə bildirdi ki, Gürcüstanın hakim “Gürcü arzusu” partiyası “Rusiya qanunu” kimi tanınan “Xarici təsirin şəffaflığı haqqında” qanunu qəbul edəndən bəri Gürcüstanda demokratiyanın sığışdırılması vüsət alıb. “Son zamanlar isə müxalifətin fəaliyyətinin qadağan olunması, etiraz aksiyalarının keçirilməsini çətinləşdirənhüquqi əsaslarının məhdudlaşdırılmasına start verilib. Bütün bunlar Gürcüstanın Avroatlantik strukturlara inteqrasiya prosesini artıq zədələyib. Buna görə, Moldova və Ukraynadan fərqli olaraq, Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi faktiki olaraq dayandırılıb. ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Gürcüstan rəsmilərinə qarşı bir sıra qadağalar tətbiq ediblər. Daha sərt sanksiyalar gündəmdədir. Bu isə Gürcüstanın iqtisadiyyatı üçün ağır nəticələrə səbəb olacaq. Ümumiyyətlə, Qərblə münasibətlərin pozulması Gürcüstanın dövlətçiliyinə ağır zərbə olar. Çoxsaylı problemləri olan Gürcüstan üçün bu çox ağır, bəlkə də düzəlməsi mümkünsüz olan vəziyyət yaradar”.
X.Cəfərlinin fikrincə, ancaq belə görünür ki, hakimiyyəti itirmək qorxusu“Gürcü arzusu” partiyasının istənilən addım atmasına səbəb olur.
İradə SARIYEVA