AZ

Karbon vergisi qlobal istiləşmə və iqlim dəyişikliyi riskini azaltmaq məqsədi daşıyır

Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycanın Avropa İttifaqına (Aİ) ixrac edəcəyi məhsulların 0,4 %-nə "karbon vergisi" təsir göstərəcək. Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Musayeva XIII Beynəlxalq "Caspian Energy Forum 2025" tədbirində bildirib. Samirə Musayeva qeyd edib ki, gələn il yanvarın 1-dən Aİ tərəfindən elan olunmuş sərhəddə karbon ticarət tənzimlənməsi, yəni CBAM ("Carbon Border Adjustment Mechanism") işə düşür.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, karbon vergisi iqtisadi və ekoloji siyasətin bir aləti olaraq, atmosferə buraxılan karbon dioksid (CO₂) və digər istixana qazlarına görə tətbiq olunan vergidir.

Akif Nəsirli

“Məqsəd ətraf mühitin qorunması və istixana qazlarının emissiyasının azaldılmasıdır. Karbon vergisi, sənaye müəssisələri, enerji istehsalçıları və digər fəaliyyətlər nəticəsində yaranan CO₂ emissiyalarına görə ödənilir. Vergi məbləği, çıxarılan karbonun miqdarı ilə ölçülür. Daha çox karbon buraxan daha çox vergi ödəyir”-deyə Akif Nəsirli qeyd edib.

İqtisadçının fikrincə, məqsəd istixana qazlarının azalması ilə qlobal istiləşmə və iqlim dəyişikliyi riskini azaltmaq, sənayelərin təmiz texnologiyalara keçidini təşviq etmək, vergi daha çox karbon yayan texnologiyaları daha xərc tutumlu edir: “Şirkətlər təmiz və səmərəli texnologiyalara investisiya edir. Nəticədə karbon vergisi həm istehsalçıları, həm də idxalçı ölkələri karbon emissiyasını azaltmağa yönəldir. Məsələn; Aİ bazarına ixrac edilən məhsulların müəyyən hissəsinə karbon vergisi tətbiq olunursa, həmin məhsulun qiyməti artacaq və bununla istehsalçılar daha ekoloji texnologiyalara keçməyə təşviq olunacaq”.

Akif Nəsirli bildirib ki, İqtisadiyyat Nazirliyinin məlumatına görə, Azərbaycanın Aİ-yə ixrac etdiyi məhsulların yalnız 0,4%-i karbon vergisinin təsirinə məruz qalacaq: “Bu da o deməkdir ki, böyük hissəsi üçün hələlik əlavə maliyyə yükü yaranmır, amma gələcəkdə ekoloji standartlar daha da sərtləşə bilər”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
41
icma.az

1Mənbələr