AZ

Finlandiya NATO-nun hərbi komanda təlimində ilk dəfə iştirak edib

Finlandiyanın NATO-ya üzvlüyündən sonra alyansın fəaliyyətində fəal iştirakı davam edir. Ölkə ilk dəfə NATO-nun genişmiqyaslı kompüter əsaslı komanda mərkəzi təliminə qoşulub.

Editor.az xəbər verir ki, Finlandiya Müdafiə Nazirliyi ordunun 22–29 oktyabr tarixlərində keçirilən “Steadfast Duel 2025” adlı NATO təlimində iştirak etdiyini açıqlayıb.

Nazirliyin məlumatına görə, bu, Finlandiyanın alyansa üzv olduqdan sonra ilk dəfə belə bir strateji təlimdə yer alması baxımından xüsusi əhəmiyyət daşıyır.

Təlim zamanı NATO-nun Avro-Atlantik regionda birgə müdafiə planlarının həyata keçirilməsi mexanizmləri sınaqdan keçirilib. Əsas məqsəd böhran şəraitində regional müdafiə planlarının effektivliyini qiymətləndirmək olub.

“Steadfast Duel 2025” təlimi NATO-nun üç Birləşmiş Qüvvələr Komandanlığını — Brunssum (Niderland), Neapol (İtaliya) və Norfolk (ABŞ) qərargahlarını, həmçinin Finlandiya və İsveç də daxil olmaqla alyansın 32 üzvünü ilk dəfə bir araya gətirib.

Qeyd edək ki, Finlandiya ordusu 2026-cı ildən etibarən NATO-nun atıcı silah standartlarına keçidə başlayacaq.

Helsinki bu məqsədlə 5.56×45 mm, 7.62×51 mm, 9×19 mm və 12.7×99 mm kalibrli silahların istifadəsinə mərhələli şəkildə keçməyi planlaşdırır. Hazırda mövcud silah kalibrləri xidmətdə qalacaq, lakin yeni silah alışları artıq NATO standartlarına uyğun aparılacaq.

// Gülnarə Abasova, Editor.az

Seçilən
29
editor.az

1Mənbələr