AZ

2020-nin son oktyabr günləri də ərazimizdə erməni vəhşilikləri ilə yadda qaldı...


Torpaqlarımızın işğaldan azad olunmasının 5-ci il dönümünü yaşayırıq. 5 il bundan əvvəl Vətən müharibəsinin ən qaynar çağları yaşanırdı, kəndlərimiz, şəhər və qəsəbələrimiz kütləvi olaraq düşmən tapdağından azad edilirdi. Şanlı Zəfərə aparan qurtuluş savaşı dövründə ağır zərbələr alıb məğlub olan Ermənistanın mifik ordusu qəhrəman ordumuzun qarşısında tir-tir əsirdi.

Əsgərlərimizə, ordumuza qalib gələ bilməyən düşmən məğlubiyyətinin acısını döyüş bölgəsindən kilometrlərlə kənarda yerləşən dinc şəhərlərimizi atəşə tutmaqla, sivil vətəndaşlarımıza qarşı raket hucumları həyata keçirməklə, ağır terror aktları törətməklə çıxırdı. Cəbhədə, döyüş səngərində uduzan Ermənistan heyfini mülki əhalidən çıxırdı.

2020-ci ilin oktyabrında Ermənistan Azərbaycanın Gəncə, Tərtər, Bərdə kimi şəhərlərini raket atəşinə tutmaqla böyük cinayətlər törətdi.

2020-ci ilin oktyabr ayında Azərbaycanın Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən 5 dəfə ayrı-ayrı zamanlarda bombalanması faktı düşmənin nə qədər yırtıcı olduğunu bir daha sübut edir. Gəncənin 5 dəfə bombalanması 2020-ci il Qarabağ döyüşləri dövründə baş verdi.

İlk hücum 4 oktyabrda baş verdi və 1 mülki şəxsin - Əliyev Tunar Qoşqar oğlunun şəhid olması, 30-dan çox mülki şəxsin yaralanması ilə nəticələndi. Bu raket hücumu müharibənin getdiyi Qarabağ bölgəsindən kənara edilən ilk ciddi hücum idi. İkinci raket hücumu isə 5 oktyabrda baş verdi. Hücum nəticəsində 3 mülki şəxs yaralandı. Üçüncü raket hücumu oktybarın 8-də baş verdi və həlak olan və yaralanan olmadı. Dördüncü raket hücumu isə 11 oktyabrda baş verdi və nəticədə 10 mülki şəxs şəhid oldu, 40-dan çox insan yaralandı. Bu hücum imzalanan atəşkəsdən bir gün sonra baş verdi və atəşkəsin pozulması ilə nəticələndi. Mülki şəxsləri hədəf alan beşinci raket hücumu isə 17 oktyabrda yaşandı. Hücum nəticəsində hamısı mülki şəxslər olmaqla 16 nəfər şəhid oldu, 55 nəfər isə yaralandı. Hücumlar zamanı şəhərin infrastrukturuna, yaşayış binaları da daxil olmaqla, digər binalara, avtomobillərə ziyan dəydi.

Ermənistanın mülki şəxslərə raket hücumlarından həyatını itirənlər və yaralananlar arasında azyaşlılar da vardır. Ortada olan sübutlara baxmayaraq, Ermənistan tərəfi hücumların onun tərəfindən edilməsini inkar edirdi. Keçmiş qondarma “Dağlıq Qarabağ”ın hazırda Bakıda həbsdə olan “rəhbərliyi” o vaxtyalnız birinci hücumun məsuliyyətini öz üzərinə götürdü.

Raket hücumları BMT, Avropa İttifaqı və Türkiyə tərəfindən qınanıldı.

Ermənistan Silahlı Qüvvələrinin dinc şəhərlərə və sivil insanlara yönəlik terror aktları bitmək bilmirdi. Ermənistanın silahlı bölmələri tərəfindən 2020-ci il oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə, oktyabrın 28-də isə Bərdə şəhərinə olan raket hücumları hər kəsin yadındadır. Hücumlar nəticəsində 26 nəfər öldü, 105 nəfərdən artıq insan yaralandı. 27 sentyabr 2020-ci il tarixdən Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini, habelə elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozaraq Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla, döyüş əməliyyatlarının aparıldığı bölgəyə aidiyyəti olmayan şəhər və rayonlarımıza raket və ağır artilleriya zərbələri endirdi.

2020-ci il oktyabrın 28-də saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 gəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla, 21 nəfər həlak oldu, 8-i uşaq, 15-i qadın olmaqla 70 şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Bundan başqa, raket zərbələrinin təsirindən 30-dan artıq mülki infrastruktur obyektinə, dinc sakinlərə məxsus 20-dən artıq fərdi yaşayış evlərinə və 22 nəqliyyat vasitəsinə xüsusilə külli miqdarda ziyan dəydi.

Oktyabrın son günlərində Azərbaycanın Tərtər şəhəri də Ermənistan tərəfindən bombalandı. İkinci Qarabağ müharibəsi ərzində Ermənistan Silahlı Qüvvələri və keçmiş qondarma “Dağlıq Qarabağ” “Müdafiə Ordusu” tərəfindən Azərbaycanın Tərtər rayonundakı şəhər, qəsəbə və kəndlər artilleriya, raket və kasset bombalı silahlarla bombardman edildi. Bölgənin bombardmanı müharibənin ikinci günündə, 28 sentyabrda erməni qüvvələri rayonun inzibati mərkəzi olan Tərtər şəhərini və Birinci Qarabağ müharibəsində qaçqın düşən azərbaycanlılar üçün inşa edilən Şıxarxı atəşə tutduqda başladı.

Bombardman geniş dağıntılara və çox sayda mülki ölümə səbəb olur. Minlərlə insan Tərtər şəhərini bir xəyal şəhərciyinə çevirərək qaçqın olur və Bərdə kimi qonşu şəhərlərə köç edir. Bu axınlar da erməni qüvvələri tərəfindən hədəf alınır. Azərbaycan dövləti erməni qüvvələrinin 29 oktyabr tarixinə qədər Tərtər rayonu ərazisinə 15.500 mərmi atdığını, bəzi günlərdə Tərtərə 2000-dən çox mərmi atıldığını bildirirdi. Rəsmi rəqəmlər göstərir ki, bombardmanlar zamanı məktəblər, xəstəxanalar və dövlət binaları da daxil olmaqla mindən çox mülki obyekt ya ziyan gördü, ya da məhv edildi.

Human Rights Watch erməni qüvvələri tərəfindən uşaq bağçaları və xəstəxanalar kimi dövlət və mülki obyektlərə yönəlmiş bir çox hədəf hücumlarını təsdiqləyib, üstəlik erməni hərbi qüvvələrinin Azərbaycan ərazilərinə qanunsuz olaraq qadağan olunmuş silahlardan hücumlarının müharibə cinayətləri olduğunu da bildirib.

Tərtər şəhərinin, habelə rayondakı qəsəbə və kəndlərinin bombardmanı yalnız 10 noyabrda Ermənistanın Dağlıq Qarabağ atəşkəs bəyanatını imzalamasından sonra dayandırılır.

2020-ci ilin 29 oktyabrında Tərtər Rayon İcra Hakimiyyətinin yaydığı məlumatda müharibə zamanı Tərtər rayonunda bombardman nəticəsində 17 mülki şəxsin öldüyü və 61 nəfərin yaralandığı bildirilirdi. Məlumata görə, ümumilikdə təxminən 1200 nəfər bombardmandan əziyyət çəkib. Sonra daha iki mülki şəxs xəsarət alıb.

Məlumata görə, bombardman nəticəsində Tərtər rayonu ərazisində dörd minə yaxın mülki obyekt zərər görüb.

5 il bundan əvvəl Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın dinc şəhərlərinə, mülki əhaliyə qarşı törətdiyi ağır cinayətlər nəticəsində bizə bütün mənalarda ciddi ziyan dəydi. Nə qədər insanımız döyüş bölgəsindən çox-çox uzaqlarda erməni terroru nəticəsində həyatını itirdi, xəsarət aldı, analar balasız, balalar atasız-anasız qaldı. Bütün bu ağır cinayətlər beynəlxalq aləmin gözü qarşısında baş verdi. Ermənistanın bütün beynəlxalq konvensiyalara zidd olaraq atdığı bu addım dünən də, bu gün də sərt şəkildə qınanılır...Azərbaycan dövləti və mediası bu cinayətlərin beynəlxalq aləmə yayılması üçün böyük işlər gördü və dünya Ermənistanın 5 il əvvəl törətdiyi bu müharibə cinayətləri barədə də geniş məlumata malikdir.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
25
baki-xeber.com

1Mənbələr